“Ermənistanın baş naziri Nikol Paşinyan və Erməni Apostol Kilsəsinin rəhbərliyi arasındakı qarşıdurma başadüşüləndir. İş ondadır ki, Ermənistanın hazırkı dini lideri zamanında Köçəryan-Sarksiyan cütlüyü tərəfindən dini hakimiyyətə gətirilib və Qarabağ klanına bağlı şəxsdir. Ehtiyac yarananda onun vasitəsilə kilsədən daxili siyasi mübarizədə istifadə edir, dindarları indiki Ermənistan hökumətinə qarşı qoyurlar. Baş nazir Nikol Paşinyan da kilsənin siyasətə qarışmaması, ona aidiyyəti olmayan işlərdə iştirak etməməsini istəyir. Qarşıdurmanın da səbəbi budur”.
Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, Köçəryan-Sarkisyan cütlüyü ehtiyac yarandığı anlarda kilsədən Ermənistan hakimiyyətinə qarşı istifadə edirlər.
A. Mollazadə əlavə edib ki, bu prosesdə Rusiya amili də var.
Deputat xatırladıb ki, həm Köçəryan, həm də Sarkisyan Rusiya hərbi kəşfiyyatına bağlı şəxslər olublar, Azərbaycan dövlətinin ərazilərində çoxsaylı cinayətlər törədiblər və hazırda Azərbaycan qanunlarına əsasən axtarışdadırlar.
Mollazadə xüsusi qeyd edib ki, indi erməni hökuməti ilə erməni kilsəsi arasında müşahidə olunan qarşıdurmada dini faktor yoxdur, siyasi faktor var.