Bakıda əhali sıxlığının qarşısını almaq üçün hansı nazirlikləri və universitetləri digər iri şəhərlərə köçürmək olar? Bu barədə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Referans-a açıqlamasında bildirib ki, tıxacın aradan qaldırılması üçün birbaşa və dolayı metodların istifadə edilməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, Cənab Prezident tərəfindən imzalanmış dövlət proqramına əsasən bütövlükdə yol infrastrukturunun genişləndirməsi, yeni yolların çəkilməsi nəzərdə tutulur. Bu da təbii ki, birbaşa tıxacın azaldılması baxmından vacib məqamlardandır.
Deputat eyni zamanda onu da bildirib ki, bütün bunlarla yanaşı digər metodların istifadə edilməsi zəruridir. Bu metodlardan biri də fərqli saatları iş saatlarının tətbiq olunmasıdır. Eyni zamanda müzakirə edilən məsələlərdən biri məhz bəzi universitetlərin Bakıdan kənara köçürülməsi imkanlarının araşdırılmasıdır. Nəzərə alsaq ki, söhbət dövlət qurumlarından gedə bilər ki, həmin dövlət qurumları isə daha çox regionlarla bağlıdır. Bu baxımdan daha çox regionlarla bağlı olan dövlət qurumlarının, yəni fəaliyyəti regionlarla bağlı olan dövlət qurumlarının rayonlara köçürülməsi təbii ki, mümkündür amma bunun üçün infrastrukturun formalaşmasına ehtiyac var. Bu da təbii ki, zaman tələb edən bir prosesdir.
Deputat onu da diqqətə çatdırıb ki, digər mühüm məqam, təcrübəli universitetlərin regionlara köçürülməsidir. Xüsusən nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında aparıcı universitetlərin demək olar ki, hamısı nisbətən kiçik şəhərlərdə, yəni taun adlandırılan şəhərlərdə yerləşirlər. Həmin ali məktəblər böyük şəhərlərdən kənarda salınıb.
"Bəzi universitetlərin və dövlət müəssisələrinin regionlara köçürülməsi təbii ki, bir tərəfdən tıxacın azaldılması ilə yanaşı digər tərəfdən bölgələrimizin inkişafı baxımından vacibdir. Ona görə də təbii ki, kampus imkanları ola biləcək universitetlərin rayonlara və xüsusən də nisbətən yaxın rayonlara köçürülməsi məqsədəuyğun olardı. Bunun üçün də qiymətləndirilmənin aparılması və maliyyə imkanlarının dəyərləndirilməsinə ehtiyac var", - deyə millət vəkili qeyd edib.