Ermənistan Baş naziri Nikol Paşinyanla erməni kilsəsi, II Qaregin arasında qarşıdurma gərginləşib. Tərəflər açıq formada bir-birini ittiham edirlər. Xüsusən hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən sonra münasibətlər kəskinləşib. Yeni fazaya daxil olan qarşıdurma hətta konstitusiya böhranı həddinə qədər inkişaf edib. N.Paşinyan deyib ki, əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz: "Mən bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, amma bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz. Mən Erməni Apostol Kilsəsinin davamçısı kimi məsələni qaldırıram, çünki mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm, həm də Ermənistan Respublikasının baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi məsələsi kimi görürəm. Eçmiədzin kilsəsi bu vəziyyətə münasibət bildirməlidir, bundan sonra məsələyə əlavə aydınlıq gətiriləcək". Bu açıqlamadan sonra N.Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edib. Baş nazir bu barədə feysbuk səhifəsində yazıb. Qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır: "Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır". Ermənistanın hakim “Mülki müqavilə” Partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatlılığının təmin edilməsi haqqında qanun layihəsini irəli sürmək niyyətindədir. Fraksiyanın katibi Artur Ovannisyan deyib ki, bununla bağlı sorğu keçirilib və respondentlərin 96 faizi "kilsə dövlətə hesabat verməlidirmi?" sualına "hə" deyiblər: "Ona görə də bu istiqamətdə qanunvericilik işləri aparılmalıdır".
Siyasi təhlilçi Elçin Alıoğlu deyib ki, Ermənistan Qriqoryan kilsəsinin erməni diasporu ilə birgə addımlaması barədə narrativlər postsovet məkanında yayılıb. Amma dünyanın başqa yerində belə narrativlər yoxdur. Ekspert vurğulayıb ki, erməni kilsəsi heç zaman erməni diasporu ilə birgə olmayıb, sadəcə müxtəlif vaxtlarda müttəfiqliyə gediblər:
"Hazırda erməni kilsəsinin özündə ciddi parçalanma var, kilsə 4 yerə parçalanıb. Məsələ ondadır ki, Paşinyanla kilsə arasındakı qarşıdurma kasıblar üçün rəvayətlərdir. Yəni "Paşinyanın kilsə ilə müharibə etməsi, kilsənin Paşinyanın axırına çıxması" fikirləri doğru deyil. Kilsə qarşısına məqsəd qoyub ki, Rusiyanın düşdüyü ağır vəziyyətdən maddi cəhətdən yararlansın. Bu baxımdan Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən bu yana erməni kilsəsi Rusiya-Erməni İttifaqı, Ara Abramyanın təşkilatı ilə siyasi, "Taşir" Holdinqinin rəhbəri Samvel Karapetyanla maliyyə ittifaqı qurub. Paşinyan da bunu bilir. Özünü "Baqrat" adlandıran Vazgen Qalstanyan barəsində Kanadada üç cinayət işi açılıb. O bir fırıldaqçıdır və üç xanımdan nikandan kənar altı övladı var. Eçmiədzində oturan Erməni Kilsəsinin rəhbəri katolikos, əslində isə böhran meneceri II Qareginin də nikahdan kənar 21 yaşında övladı var. Hazırda Fransada yaşayır. Paşinyan niyə kilsəyə qarşı düşmən mövqe tutur? Birincisi, ABŞ-də seçkilər vaxtı Amerikadakı erməni kilsələri D.Trampa qarşı çıxaraq rəqibi K.Harrisi dəstəklədilər. Bütün erməni icmasını K.Harrisi dəstəkləməyə səslədilər. Digər məsələ odur ki, Fransada keçirilən son parlament seçkisində erməni kilsəsi M.Lepeni dəstəklədilər. Yəni siqnal Vaşinqtondan və Parisdən alınıb. Ona görə də Paşinyan qətiyyən narahat deyil və kilsə əleyhinə sərt ifadələr işlədir. Paşinyanın əsas məqsədi erməni kilsəsinin kənardan maliyyələşməsini dayandırmaqdır. Sadəcə, ABŞ-nin iki şəhərindən - Los-Anceles və Nyu-Yorkdan erməni kilsəsinə 2024-cü ildə 18.4 milyon dollar pul köçürülüb. Paşinyan bu pulların hara getdiyini soruşur. Kilsə Paşinyana heç nə edə bilməz".
Millət vəkili Tural Gəncəliyev bildirib ki, Nikol Paşinyan ideoloji-radikal kilsə ünsürünü neytrallaşdırmaq qərarına gəlib. Deputatın sözlərinə görə, kilsə sütunu təkcə Ermənistana yox, region ölkələrinə, o cümlədən Azərbaycana qarşı da təhdiddir:
"Nə qədər paradoksal səslənsə də, biz erməni kilsəsinin neytrallaşmasında maraqlı olmalıyıq. Çünki özlərini III əsrdə "dünyanın ən böyük xristian sivilizasiyası" kimi qəbul edən erməni keşişlərdən nə desən gözləmək olar. Düşünmürəm ki, Rusiya, yaxud başqa ölkə erməni kilsəsinə dəstək olacaqlar. Bu məsələdə simpatiya daha çox Ermənistan hökumətinin, Paşinyanın tərəfində olacaq".