"Daşınmaz əmlak sahəsində baş verən qiymət artımları təkcə tikinti materiallarının qiymətlərinin artması ilə bağlı deyil, daha çox tikintilərin inşa olunduğu torpaq sahələrinin satış qiymətlərinin artması ilə əlaqədardır".
Bu sözləri Sonxeber.az-a əmlak eksperti Elnur Fərzəliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, təxminən 10 il bundan əvvələ qədər paytaxt Bakı şəhərinin mərkəz və mərkəzə yaxın ərazilərində istər fərdi yaşayış evlərinin, istərsə də çoxmənzilli yaşayış binalarının inşası üçün torpaq sahələrinin sayı çox, qiymətləri isə əlçatan idi:
"Əgər əvvəlki illərə nəzər salsaq, təxminən 10 il bundan öncəyə qədər paytaxt Bakı şəhərinin mərkəz və mərkəzə yaxın ərazilərində istər fərdi yaşayış evlərinin, istərsə də çoxmənzilli yaşayış binalarının inşası üçün torpaq sahələrinin sayı çox, qiymətləri isə əlçatan idi. Hal-hazırda isə paytaxtın mərkəzə yaxın ərazilərində yeni binaların inşası üçün demək olar ki, torpaq sahələri qalmayıb. Satışda olan torpaqların qiymətlərinin fantastik dərəcədə baha olması həmin torpaqlar üzərində tikilən əmlakların da satış qiymətlərinə birbaşa təsir edir və kəskin artımlara səbəb olur. 2023-cü ilin oktyabr ayından qüvvəyə minən yeni qərara əsasən, çıxarışı olmayan torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evlərinə kommunikasiya xətlərinin verilməsi qadağan olundu ki, bu da çıxarışlı torpaqlara tələbatı artırdı. Beləliklə, çıxarışlı torpaqların satış qiymətlərində baş verən ciddi artımlar birbaşa tikinti xərclərinə və satış qiymətlərinə təsir göstərir. O baxımdan, gələcəkdə də torpaq sahələrinin sayı azaldıqca qiymətlərdə artım müşahidə olunacaq ki, bu da öz növbəsində həmin baha torpaqlar üzərində inşa olunmuş mənzillərin də satış qiymətlərinin artmasına səbəb olacaq".