Azərbaycan Məhkəmə Hüquq Şurası Aparatının baş məsləhətçisi Rübabə Əkbərovanın «Təzadlar»ın şikayətinə cavabından belə başa düşdük ki, MHŞ-ın əsas vəzifəsi elə hakimlərin müdafiəsində durmaqdır…
Gəlirik mətləbə: 01.05.2025-ci il tarixdə redaksiyanın rəsmi blankında T-2025/04-01 saylı məktubla Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri cənab İnam Kərimova inam və etibarla müraciət etmişdik. Məktubu olduğu kimi təqdim edirik:
«Hörmətli İnam müəllim! Bildiririk ki, «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına istinadən Dövlət İmtahan Mərkəzinə T-18-01-2024 saylı, 18.11.2024-cü il tarixli İnformasiya sorğusu göndərilmişdir. İnformasiya sorğusunda 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuş Nahid Rza oğlu Bağırov adlı şəxsin Dövlət İmtahan Mərkəzinin (DİM) nəzarəti altında həyata keçirilmiş test imtahanlarından keçərək hansısa yerli və ya xarici Ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir.
Xatırladırıq ki, tələb edilən informasiya adı çəkilən şəxsin özü tərəfindən rəsmi və sosial mediada ictimailəşdirilmişdir. Yəni, media olaraq redaksiya DİM-dən şəxsin özü tərəfindən ictimailəşdirilmiş məlumatın rəsmi təsdiqini xahiş etmişdir. 18.11.2024-cü il tarixli İnformasiya sorğusuna DİM-nin Hüquqi təminat, insan resursları və dövlət qulluğu Departamentinin müdiri Nərminə Bayramova 29 dekabr 2024-cü il tarixdə rəsmi elektron və ənənəvi poçt ilə mənfi cavab göndərmişdir. N.Bayramova cavabında yazır: «Məktubunuzla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır və öz razılığı olmadan kimsəinin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir…».
Bir daha qeyd edirik ki, biz DİM-dən N.Bağırovun şəxsi və ya ailə sirrinə aid məlumatı deyil, onun özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqini istəmişik. Beləliklə, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət verdik. Hakim Orxan Həsənov qəsdən «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarımızın kobud surətdə pozulmasına səbəb olan 14 fevral 2025- ci il tarixli qərardadı ilə DİM-in qanunsuz hərəkətinə haqq qazandırdı… Sonra həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verdik. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- … və Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunun cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Təqdim edilən mötəbər sənəd və sübutlara baxan hakim Rəşid Səmədov sənədlərə baxıb çox təəccübləndi. Görünür iş materiallarını oxumamışdı, xəbərsiz idi. Məhkəmə yerində müşavirə edərək (bunlar iclas otağının kameralarında qeydə alınmışdır) qərarını elan etdi: «Məhkəmə işin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan edir!».
Hakimlər 10-15 dəqiqədən sonra iclas zalına qayıtdılar. Sonra kollegiya yerində müşavirə edərək yekun qərarını elan etdi: «Məhkəmə heçab edir ki, bu məsələ olduqca mürəkkəb xarakterlidir, ona görə də xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınır!».
Hörmətli İman müəllim!
Nəhayət, 29 aprel 2025-ci il tarixdə saat 10:40 radələrində məhkəmə iclası açıq elan edildi. Gözləyirdim ki, bir həftəlik xüsusi araşdırma aparan Kollegiya bu araşdırmaların nəticəsini elan edəcək. Lakin kollegiya üzvləri dərhal da müşavirəyə getdi. Təxminən 5 dəqiqədən sonra kollegiya üzvləri zala daxil olaraq qərarı elan etdilər: «Apellyasiya şikayəti təmin edilməsin, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılsın!».
Bəs məhkəmə xüsusi araşdırma nəticəsini elan etmədən necə qərar qəbul edə bilərdi?
Diqqətinizə çatdırıram ki, həm Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi ilə) «Məhkəmə və Hakimlər haqqında» Azərbaycan Respbulikası qanununun tələblərini pozaraq «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarımızın açıq şəkildə tapdanmasına səbəb olan qərar qəbul etmişlər. «Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericilikdə yazılır: «Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər:
-fiziki və hüquqi şəxslərin şikayətləri;
-mediada dərc olunmuş məlumatlar».
«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları»nda isə deyilir:
Hakimin:
-işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozması;
-hakim etikasını pozması;
-hakim adına ləkə gətirən hərəkətə yol verməsi».
Hesab edirəm ki, yuxarıda adı çəkilən məhkəmə hakimlərinin dördü də bu pozuntulara yol vermişlər və qeyd olunan qanun pozuntularına görə barələrində intizam icraatı başlanılmasına tam əsaslar vardır. Çünki iş materiallarında olan mötəbər maddi sübutlar bir daha təsdiq edir ki, Dövlət İmtahan Mərkəzi tərəfimizdən göndərilmiş informasiya sorğusunda tələb etmədiyimiz informasiyanın istənilməsi yalandan qeyd edilərək media sorğusu cavablandırılmamışdır. Bu saxta və qanunsuz cavab məktubuna qəsdən, bilərəkdən göz yuman hakimlər də qanunsuz və əsassız qərar qəbul edərək jurnalist hüquqlarımızın qəsdən pozulmasına səbəb olmuşlar. Məqsəd isə aydın idi: barəsində informasyia sorğulanan şəxs İsmayıllı rayonunun icra başçısıdır! Demək, hakimlər qanunların deyil, vəzifəli şəxsin müdafiəsinə qalxmışdırlar!
Bunları nəzərə alaraq Sizdən xahiş edirəm:
-«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericiliyin tələblərini nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri- Rəşid Səmədov, … və Şirazi Eldarzadənin barəsində intizam icraatı başlanılmasına Sərəncam verəsiniz».
(Hakim Orxan Həsənov)
Məhkəmə Hüquq Şurası Aparatının media ilə əlaqələndirici Samir İsmayılov söz verdi, amma…
Məsələ ilə bağlı şikayəti təqdim edən zaman Məhkəmə Hüquq Şurası Aparatının media ilə əlaqələndirici Samir İsmayılovla şəxsən danışdıq, qısa izah verdik. O isə söz verdi ki, ədalətli qərar qəbul ediləcək. Elə buna görə də Məhkəmə Hüquq Şurasındakı ədalətə inamımız birə-beş artdı. Amma və lakin…
***
Şikayətimdən xəbər çıxmırdı. Yenidən cənab Samir İsmayılova zəng etdik. Bildirdi ki, bir-iki günə rəsmi cavab veriləcək. Xatırlatdıq ki, redaksiyanı rəsmi cavab yox, qanunsuzluğa yol vermiş hakimlər barədə görülmüş tədbir maraqlandırır. Yenə də rəsmi cavabı gözləməli olduq.
Nəhayət, Məhkəmə Hüquq Şurası Aparatının baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə aşağıdakı cavab məktubunu aldıq:
«29 may 2025-ci il
“Təzadlar” qəzetinin rəhbəri Asif Mərziliyə Məhkəmə qərarlarından narazılığınız və işə baxan hakimlər barədə intizam icraatının başlanılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətlərinizə baxılmışdır.
Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı məhkəmələr tərəfindən yoxlanılır, habelə işlərə baxılarkən müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edildikdə, pozuntuya yol vermiş hakim barədə intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilir.
Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, narazı qaldığınız qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətinə baxılarkən iş üzrə qanunvericilik normalarının düzgün tətbiq edilməsi yoxlanılacaq, həmçinin müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edilərsə, pozuntuya yol vermiş hakim barədə intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət ediləcəkdir.
Aparatın baş məsləhətçisi: Rübabə Əkbərova».
***
Diqqət edin: hörmətli R.Əkbərova yazır: «…Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır». Axı biz MHŞ-dan adı çəkilən məhkəmə qərarlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasını xahiş etməmişik. Biz media olaraq konkret və mötəbər maddi sübutları təqdim edərək adı çəkilən məhkəmə instansiyası hakimlərinin qatığa qara deməsinin səbəbini araşdıraraq qanunları kobud surətdə pozaraq vəzifəli şəxsin özəl mənafeyini müdafiə etmələrinə görə onların cəzalandırılmasını xahiş etmişik.
«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericilikdə yazılır ki: «Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər: -fiziki və hüquqi şəxslərin şikayətləri; -mediada dərc olunmuş məlumatlar».
Elə isə, ya bu qanunvericiliyi dəyişin, ya da Məhkəmə Hüquq Şurasının «Əsasnaməsi»nə əlavə edin ki, bu qurum yalnız və yalnız hakimlərin mənafelərini güdür, qanunların qorunması və müdafiəsi bizlik deyil!
SONDA: təbii ki, MHŞ-nin bu cavabından Prezident Administrasiyasına şikayət veriləcək və PA-nın hüquq şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda iştirak edəcəyik. Və digər hüquq və vəzifələrimizdən istifadə edərək 1997-ci ildə yaradılmış və təhsil müddəti 4 il olan ABU-nu 2 ilə- 1999-cu ildə bitirmiş İsmayıllı rayon İH-nin başçısı Nahid Bağırovun ali təhsil diplomunun (sonradan bu diplom əsasında BDU-nu bitirmişdir) taleyi barədə başçı təyinatından 1 ay sonra Sərəncamla N.Bağırova töhmət vermiş cənab Prezident İlham Əliyevə müraciət ediləcək və s.
Qısası, Dövlət İmtahan Mərkəzində və Məhkəmə Hüquq Şurasında, Bakı İnzibati Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində pozulmuş jurnalist hüquqlarımızın bərpasına nail olanadək qanuni vasitələrdən istifadə ediləcək!
«Təzadlar»