Son bir həftədə paytaxtın ictimai nəqliyyatında baş verən qəribə hadisələr cəmiyyətdə müzakirələrə səbəb olub. Yaşlı qadının bıçaqla insanları təşvişə salması, sərxoş şəxsin avtobusun pəncərəsini qolu ilə qırması, atanın avtobusda qızına hücum edərək hər kəsin gözü önündə onu döyməsi və s.
Bir çoxları ictimai nəqliyyatda baş verməsində sürücünün də məsuliyyət daşıdığını iddia edir.
Aydın məsələdir ki, bu cür hadisələrin baş verməsi ətrafdakı insanlara da mənfi təsir edir və belə əməllər cəmiyyət tərəfindən qınanır. Lakin çox vaxt sadəcə qınaq bəs etmir. Dəyən zərər, yaradılan qorxu və təşviş necə cəzalandırılır?
Belə hadisələr avtobusda baş verdikdə məsuliyyəti kim daşıyır? Sürücü məsuliyyətə cəlb oluna bilərmi?
Hüquqşünas Ramil Süleymanov "Referans"-a açıqlamasında bu sualları cavablandırıb.
“Qeyd etdiyiniz əməllər hər biri ayrı-ayrılıqda hüquq pozuntusudur. Bu hüquq pozuntularına görə, konkret məsuliyyət müəyyən olunur. Amma bundan öncə Daxili İşlər Orqanı tərəfindən bununla bağlı araşdırma aparılır. Hər bir əməl ayrı-ayrılıqda töfsif olunur. Dediyiniz məsələlər xırda xuliqanlıq inzibati pozuntusundan tutmuş xuliqanlıq cinayətinə qədər şərh oluna bilir. Eyni zamanda burada döymə inzibati pozuntusu ola bilər, həmçinin bıçaqla xəsarət yetirilibsə, ağır, az ağır dərəcəli bədən xəsarətlərinə görə və s. məsuliyyətə cəlb olunma ola bilər. Amma bu hüquq pozuntularının harada baş verməsi xüsusi önəm kəsb edir. Belə ki, bu əməllər qapalı məkanda və insanların gözü qarşısında, hüquqlara kobud şəkildə hörmətsizlik etməklə törədildikdə isə bu ağırlaşdırıcı hal hesab olunur”.
Hüquqşünas bildirib ki, ictimai nəqliyyatda bu tip hadisələrin baş verməsinə görə, sürücünün məsuliyyətə cəlb olunması öz əksini tapmayıb.
“Sürücü avtobusu idarə edən şəxsdir və o, avtobusu idarə edən zaman onun içəri daxil olan sərnişinlərin üzərində soyuq silah olub-olmamasını bilməsi mümkün deyil. Avtobusa vurulan zərərlə bağlı isə əlbəttə ki, cinayət işi olduqda ibtidai istintaq zamanı,inzibati xəta olduqda isə ilkin araşdırma zamanı mütləq şəkildə vurulmuş zərər və onun dairəsi müəyyən olunur. Onlar mülki iddiaçı qismində və ya zərərə uğrayan şəxs qismində cəlb olunurlar. Araşdırma bitdikdən sonra bu qərar əsasında özlərinə dəymiş zərəri tələb etmə hüquqları yaranır”.