Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) hakim “Gürcü Arzusu” partiyasına qarşı konstitusiya iddiaları qaldırmaq haqqında qərar qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə VMHP-nin liderlərindən biri Levan Bejaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, prosesə beynəlxalq tərəfdaşların və hüquq ictimaiyyətinin tələbi ilə başlanılır.
Bejaşvili hakim partiyanı fərqli fikirdə olan etirazçıları, ictimai fəalları və təşkilatları, telekanalları, partiyaları təqib edən qanunvericilik yaratmaqda ittiham edib.
O deyib ki, iddiaların qaldırılması Strasburq məhkəməsində gələcək məhkəmə çəkişməsi üçün həlledici əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, VMHP-ni 2001-ci ildə sabiq prezident Mixeil Saakaşvili təsis edib. Gürcüstan parlamenti bu yaxınlarda VMHP də daxil olmaqla üç müxalif partiyanın fəaliyyətinin qadağan olunması iddiası ilə ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qəbul edib və baxılması üçün plenuma göndərib.









