2024-cü ildə dövlət satınalmalarının ümumi məbləği 9 milyard 845 milyon manat olub.
"DİA-AZ" Hesablama Palatasına istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin Ümumdaxili Məhsula (ÜDM) nisbəti 1.8 faiz bəndi, xərclərə nisbəti isə 5.3 faiz bəndi artaraq müvafiq olaraq 7.8% və 26.1% təşkil edib.
Ötən il ölkə üzrə 19 602 satınalma proseduru həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artım deməkdir. Satınalmaların ümumi məbləği isə müvafiq olaraq 30.5% və 45.2% artıb.
Baş tutmuş satınalmaların tərkibində say baxımından müsabiqə əsaslı satınalmalar üstünlük təşkil etsə də (50.1%), məbləğ baxımından bir mənbədən satınalma üsulu daha böyük paya malik olub (54.4%). 2024-cü ildə müsabiqə əsaslı satınalmalar üzrə 9 821 sayda, ümumilikdə 4 milyard 490 milyon manat məbləğində satınalma baş tutub. Bu, say baxımından 25.6% artım, məbləğ baxımından isə 4.3% azalma deməkdir.
Müsabiqə əsaslı metodlar arasında açıq tender üzrə 3 688 satınalma baş tutub və məbləği 4 milyard 275.5 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 16.8% artımı göstərir. Say baxımından kotirovka sorğusu metodu üstünlük təşkil edib: 6 113 satınalma həyata keçirilib, məbləği 125.4 milyon manat olub (2.1 dəfə artım).
Satınalmaların orta məbləği belə olub: açıq tender üzrə 1 milyard 158.4 milyon manat (344.1 milyon manat artım), kotirovka sorğusu üzrə 20.5 min manat (yüz min manat azalma), bir mənbədən satınalma üzrə 547.4 milyon manat (64.8 milyon manat azalma).
Bir mənbədən satınalma metodu ilə 2024-cü ildə 9 781 satınalma keçirilib, bu da ümumi sayın 49.9%-ni, məbləğ baxımından 5 milyard 355 milyon manat və ya 54.4%-ni təşkil edib.
Satınalma müqavilələri üzrə təhlillər göstərir ki, 4 229 müqavilədə, yəni rəqabətli satınalmaların 43.1%-ində yekun protokol məbləği ehtimal olunan qiymətdən 20% və daha çox fərqlənib.
2024-cü ildə 2 259 satınalma ləğv olunub ki, bu da ümumi müsabiqə əsaslı satınalmaların 23%-ini təşkil edir. Ləğv edilən satınalmaların ehtimal olunan dəyəri 750 milyon manat olub. Baş tutmamış təxminən 8 000 satınalmanın əsas səbəbləri kimi rəqabətsizlik və prosedur uyğunsuzluqları göstərilib.











