Son günlərdə ayrı-ayrı icra hakimiyyəti orqanlarının rəhbərləri ilə bağlı keçirilən xüsusi əməliyyatlar yerlərdə sakinlər arasında müəyyən ümidlər yaradıb. "DİA-AZ" xəbər verir ki, bu əsnada Şəki sakinləri də diqqətə gəlməkdədir.
Onların hüquq mühafizə orqanlarına etdikləri müraciətdə deyilir:
"Şəki balaca yerdir, amma dərdi böyükdür. Əsas problemimiz isə icra başçısı Elxan Usubov müəllimdir. Qorxumuzdan burda da "müəllim" yazırıq ki, birdən bu şikayətimiz baxılması üçün əvvəlcə onun üstünə göndərilər. Çünki həmişə belə olub. O da şikayətlərimizə, maşallah olsun ki "yaxşı baxıb"... Səsini çıxaranın səsi kəsilib.
İndi son günlər neçə rayonda qara masqalıların əməliyyatı keçirilir. Qonşu Balakən rayonu ilk xoşbəxt olanlardan biridir.
Biz də istəyirik. Eybi yox... Şəkiyə lap masqa taxmadan gəlin... Amma gəlin!
Biz daha Elxan Usubova dözə bilmirik..."
"DİA-AZ" xatırladır ki, Şəkinin icra başçısı Elxan Usubov 2009-cu ildən, yəni 16 ildir bu rayonu idarə edir. Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun əmisi oğlu olan icra başçısı haqqında mediada çoxsaylı şikayətlər yer alıb. Şəki sakinləri məmur özbaşınalığından, müraciətlərə baxılmamasından, işsizlikdən və süründürməçilikdən narazıdırlar.











