Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “BS. İndustry” MMC (VÖEN - 1202482991) olub.
“BS. İndustry” MMC Regional Su Meliorasiya Xidmətinə ümumi dəyəri 40 min 120 manat olan 4 000 ədəd su sayğacları üçün plastik qutular satacaq. Rəqəmlərdən də göründüyü kimi, 1 ədəd qutunun qiyməti 10 manat olacaq.
Məlumat üçün bildirək ki, “BS. İndustry” MMC 24 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC “Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 4-896 A” ünvanında yerləşir. “BS. İndustry” MMC-nin qanuni təmsilçisi Cümüşüdova Səmayə Nəsimi qızıdır.
Onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də (keçmiş “Azərsu” ASC) “Gəncə Cihazqayırma Zavodu” ASC-dən (VÖEN-2301024501) ümumi dəyəri 497 min 204 manat 80 qəpik olan 44 min ədəd su sayğacı üçün qutu alıb. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qutunun qiyməti 11,3 manat olub.