Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu Yorka səfəri və ABŞ Dövlət katibi Mark Rubio ilə görüşü dünya mediasının gündəmindədir. Lavrov və Rubio Ukrayna münaqişəsinin həlli istiqamətində geniş müzakirə aparıblar.
Danışıqlar bağlı qapılar arxasında keçib və təfərrüatlar açıqlanmayıb. Son zamanlarda ABŞ Prezidenti Donald Trampın Rusiyaya ünvanlı sərt açıqlamaları fonunda bu görüş diqqət çəkib.
Rubio və Lavrov nəyi müzakirə ediblər? XİN başçısı Moskvaya hansı mesajları çatdıracaq?
Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, ABŞ–Rusiya danışıqları iki mühüm məsələnin həllini özündə ehtiva edir:
“Birincisi, Ukraynada müharibənin dayandırılmasını, ikincisi isə Rusiyanın blokadadan çıxarılması ilə bağlıdır. Hər iki məsələ Moskva üçün son dərəcə vacib və əhəmiyyətlidir. Əslində, bu mövzular bir-birinə həm də qarşılıqlı olaraq bağlıdır.
İctimaiyyətin ABŞ-Rusiya danışıqlarından gözləntisi tamamilə mövcud reallığın əksinədir. Böyük əksəriyyət Birləşmiş Ştatların Rusiyaya qarşı sərt ritorika və güzəştsiz mövqe nümayiş etdirməsinin tərəfdarıdır. Ona görə də bağlı qapılar arxasında baş tutan istənilən rəsmi görüş ətrafında belə bir fikir yayılır. Eyni zamanda, Rusiyanın haqsız müharibəsinə qarşı çıxanlar da ABŞ rəsmilərinin verdiyi bəyanatlarda ciddi məna axtarmağa çalışırlar. Təəssüf ki, Prezident Donald Trampın nadir hallarda səsləndirdiyi ittihamların da sonda heç bir ciddi çəkisi qalmır”.
Politoloq bildirib ki, Rubionun avqustda Tramp və Rusiya Prezideti Vladimir Putin arasında baş tutan mehriban əhval-ruhiyyəyə köklənmiş görüşdən sonra sərt danışması inandırıcı görünmür:
“Əslində, Birləşmiş Ştatların Ukrayna müharibəsinə münasibəti və mövqeyi belə deyil. ABŞ bu müharibədə aktiv iştirak etmək və onu maliyyələşdirmək istəmir. Hətta Ukraynaya verdiyi silahların pulunu Avropa İttifaqından (Aİ) alır.
Çox güman ki, Lavrovla ABŞ dövlət katibi arasında keçirilən danışıqlar Alyaska görüşünün davamı olacaq. Vaşinqton və Moskva rəsmiləri yenə də Ukraynanın xəritəsini qarşılarına qoyaraq onun necə bölüşdürülməsini müzakirə ediblər. Böyük ehtimalla tərəflər bir-birini daha çox güzəştə getməyə inandırmağa çalışıblar. Həmçinin, Aİ-nin bu oyundan kənarda saxlanılması və Çinə qarşı birgə mübarizə imkanları da nəzərdən keçirilib”.