Lerik Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əkrəm Məmmədlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əkrəm Məmmədli cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.
İttihama görə, hadisə 28 may 2025-ci il tarixində, təqribən saat 09:10 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində yerləşən otlaq sahəsində baş verib.
Belə ki, Əkrəm Məmmədli şəxsi münasibətlər zəminində kürəkəni, zərərçəkmiş Əli Səfərovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, zərərçəkmişin üz nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq, ona xəsarətlər yetirib.
Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs bildirib ki, ona vurulan maddi ziyan ödənilib, təqsirləndirilən şəxslə barışıb və Əkrəmə qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən zərərçəkmiş Əli Səfərov məhkəmədən işin icraatına xitam verilməsini xahiş edib.