Azərbaycanın çevik və aparıcı bank olmayan kredit təşkilatlarından (BOKT) olan "FINCA Azerbaijan" MMC uzun müddətdir ki, ölkədə sahibkarlığın, xüsusən də kiçik və orta biznesin inkişafına dəstək göstərir.
Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə ixtisaslaşmış "FINCA Azerbaijan" 26 filialı vasitəsi ilə sahibkarlara maliyyə resursları təqdim etməklə onların fəaliyyətinin, eləcə də bizneslərinin genişlənməsinə şərait yaradır. Son illər əzrində rəqəmsal xidmətlərin genişləndirilməsi nəticəsində sahibkarların kredit üçün müraciəti daha da sadələşdirilib, biznes sahiblərinin kredit vəsaitlərinə əlçatanlığı daha da asanlaşıb. Təbii ki, bütün bunlar bu sahədə peşəkar rəhbərliyin, komandanın olması və onların çevikliyi sayəsində ərsəyə gəlir.
2025-ci ilin sonuna yaxın, bu uğurların arxasında duran əsas şəxslərdən biri olan təşkilatın icraçı direktoru Timoti Tarrant 12 illik fəaliyyətindən sonra "FINCA Azerbaijan"dakı missiyasını başa çatdıracaq. O, peşəkar karyerasına 2001-ci ildən başlayıb, 2013-cü ildən isə "FINCA Azerbaijan"ın direktoru vəzifəsini icra edib. Bu müddətə qədər o, "FINCA"nın 3 fərqli ölkə üzrə ölkə direktoru, həmçinin sözügedən maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.
T.Tarrant Azərbaycanda fəaliyyəti dövründə bir çox yeniliklərin həyata keçirilməsi prosesinə yaxından rəhbərlik edib. O, qlobal iqtisadi böhran zamanı peşəkar komandanın dəstəyi ilə şirkətdə çətin restrukturizasiya prosesinə rəhbərlik edərək 2019-cu ildə biznesin yenidən uğurla davam etməsinə nail olub, "FINCA Azerbaijan"ı aparıcı və inkişaf edən mikromaliyyə qurumu kimi mövqeyinə qaytarıb. Bundan başqa, T.Tarrant satış və geri yığımlar üzrə ilk uğurlu çağrı mərkəzlərinin yaradılmasına və tətbiqinə də rəhbərlik edib. Bu gün həmin model bütün qlobal FINCA şəbəkələri tərəfindən qəbul edilmiş ən yaxşı təcrübə standartına çevrilib
Bu ilin sonuna qədər T.Tarrantın yerinə yeni direktorun təyinatı gözlənilir.
1999-cu ildən fəaliyyət göstərən "FINCA Azerbaijan" hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət göstərir. Hazırda "FINCA Azerbaijan" dövlət tənzimləyici orqanları və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyi də daxil olmaqla bir çox maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə malikdir.
REPORT.AZ