Abşeron rayonunun Mazasız qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində baş verənlər sakinlər arasında ciddi təşviş yaradıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, kompleksin 96 və 98-ci binalarının zirzəmilərində iaşə obyektləri üçün binanın dayaqları və aparıcı sütunları sökülüb. Daha da təhlükəli hal isə aparıcı divarın götürülərək onun yerinə plastikdən boydan-boya pəncərə qoyulmasıdır. Bu səbəbdən 5 mərtəbəli bina qəzalı vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, belə bir müdaxilə onların həyatını birbaşa təhlükə altına salır. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə olmayıb.
İctimaiyyət haqlı sual verir: İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi bu cür qanunsuz hallara necə göz yumur?
Sakinlər məsələ ilə bağlı təcili tədbir görülməsini və binaların təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsini tələb edirlər.