Ukraynanın Rusiya ilə mübarizəni sürdürə bilməsi üçün ciddi maliyyə və insan resurslarına ehtiyacı var.
ABŞ prezidenti Donald Tramp bu vəziyyətdən çıxmağın yolunu Avropa ölkələrinin maliyyə gücündə görərək deyir ki, Aİ zəhmət çəksin, bizdən silah alıb Ukraynaya göndərsin. Ukraynalılar da getdikcə azalan canlı qüvvələri ilə bu silahlara sarılıb müharibəni davam etdirsinlər.
Türklər demişkən, qayət gözəl. Bəs Avropa İttifaqı nə düşünür?
İttifaqın Xarici İşlər naziri vəzifəsini icra edən Kaja Kallasın isə bu təkliflə bağlı mövqeyi çox sadədir:
"Aİ ölkələri Ukraynanı daha çox dəstəkləmək üçün “külli miqdarda vəsait çatışmazlığı” yaşayır".
Kallasın fikrincə, Aİ ölkələri məhz bu səbəbdən Ukraynanın ehtiyaclarını ödəyə bilmək üçün dondurulmuş Rusiya aktivlərini müsadirə etmək istəyirlər. Amma bunun üçün də ittifaq üzvlərinin yekdil qərarı lazımdır.
Rusiyanın Macarıstan, Slovakiya kimi Aİ-yə yerləşdirdiyi Troya atlarını hesaba qatsaq, Kaja Kallasın bu sözləri yekdil qərar olmayacaq anlamına gəlir. Belə çıxır ki, “külli miqdarda vəsait çatışmazlığı” yaşayan Avropa da bir müddətdən sonra Ukraynanı maliyyələşdirməkdən vaz keçəcək.
Adam deyərlər ki, ay filan-filan şüdələr, "külli miqdarda vəsait çatışmazlığı” ucbatından Ukraynanı sona qədər dəstəkləyə bilməyəcəkdinizsə, onda niyə Avropanın genişləndirilməsi proqramları hazırlayıb post-sovet ölkələrini zibilə salırdınız?
Vallah, Ukrayna savaşında bütün etimadlarını beş quruş edən Qərb ölkələrinin üzünü islatmaq üçün adamın tüpürcəyinə belə heyfi gəlir.
Heydər OĞUZ - "DİA-AZ"