Politoloq Zərdüşt Əlizadənin “Yeni Sabah”a müsahibəsi:
– Cümə günü Vaşinqtonda ABŞ-Azərbaycan-Ermənistan sammitinə dair məlumatlara dair rəsmi Bakının konkret açıqlaması yoxdur, Ermənistan hökumətinin mətbuat xidməti isə informasiyanı nə təkzib, nə də təsdiq edir. Sizcə, bu məlumat etibar doğururmu?
– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni onsuz da razılaşdırılıb. 2 mühüm və sərt müzakirə mövzusu isə qalmaqdadır: birincisi, ATƏT-in Minsk qrupunun buraxılması, digəri isə Ermənistan qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin icrası. Dördpendirli pizza
Minsk qrupunun buraxılması ilə bağlı məsələ, çox güman ki, avqustun sonuna qədər təxirə salınıb. Təbii ki, əgər bu olarsa, ATƏT ilin axırına qədər Minsk qrupunun ləğvi barədə qərar çıxara bilər. Bu həm Azərbaycana, həm də Ermənistana xeyirlidir.
İkinci şərt, yəni Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiasının müqəddimədən çıxarılması tələbidir. Bu iki tələb yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında münasibətlərin tam bərpası isə Zəngəzur yolunun açılmasından asılıdır. Bu isə Ermənistanın əlindədir. Azərbaycan heç cür şərtlə Ermənistan ərazisinə iddia irəli sürmür. Sadəcə istəyir ki, Azərbaycanla-Azərbaycan (Naxçıvan) arasındakı rabitəyə Ermənistan qurumları nəzarət etməməlidir.
– ABŞ tərəfinin açıqlamalarında qeyd olunur ki, Azərbaycan təkcə Ermənistanla sülh müqaviləsi imzalamayacaq, eyni zamanda, “İbrahim Razılaşmaları”na da qoşulacaq. Bu sazişə qoşulmaq Azərbaycana nə verə bilər?
– “İbrahim Razılaşmaları”nın mahiyyətini açıq söyləmək lazımdır. Onu pərdələməyə, gizlətməyə ehtiyac yoxdur. Bu sazişin çox sadə bir mənası var. İsrail sionist dövləti Fələstin xalqının beynəlxalq hüquqda tarixən təsbit olunmuş hüquqlarını tapdalayaraq onun torpağını əlindən alıb. Bu mahiyyətdir. ABŞ hesab edir ki, İsrailin işğalçı və ilhaqçı siyasətini tanımaq vaxtıdır. Trampın tələbi və təkidi ilə bir çox ərəb ölkələri “İbrahim Razılaşmaları”na qoşulub. İndi isə Azərbaycanı bu sazişə qoşmaq istəyirlər. Azərbaycanın bura nə dəxli var? Ölkə başçısı dəfələrlə deyib ki, biz İsraili də, Fələstini də rəsmi dövlət kimi tanıyırıq. Azərbaycanın indiki mövqeyi ən yaxşı mövqedir.
– ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, ölkəsi Ermənistana Zəngəzur dəhlizini 100-lik möhlətlə icarəyə götürməyi təklif edib. Rəsmi İrəvan buna “yox” cavabı verib. İkinci tərəfdən, Azərbaycanın dəhliz tələbi 9 noyabr 2020-ci il Üçtərəfli atəşkəs bəyanatına əsaslanır. Həmin sənəddə qeyd olunur ki, dəhlizə Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. İndiki halda isə Azərbaycan hakimiyyətinə yaxın şəxslər Rusiyanın nəzarətedici funksiyasının üzərindən xətt çəkirlər. Bu ciddi təzadla gedişat necə olacaq?
– 2020-ci ildə Ermənistan üçün vəziyyət çox gərgin və ağır idi. Putin Üçtərəfli bəyanatın 9-cu bəndində yazdıranda ki, Zəngəzur dəhlizində təhlükəsizliyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək, Paşinyan bunu imzalamağa məcbur olmuşdu. Üstündən təxminən 5 il keçib, vəziyyət dəyişib. Rusiya Ukraynada müharibəyə başlayıb. Moskvanın siyasi, iqtisadi və hərbi qüdrəti xeyli zəifləyib. Ermənistan təbii ki, strateji maraqlarını Rusiyaya güzəştə getmək istəmir. Azərbaycan isə deyir ki, mənim üçün fərqi yoxdur. Bakının mövqeyi budur ki, Azərbaycanla-Azərbaycan arasındakı rabitədə kənar müdaxilə olmasın.
Azərbaycan Çindən başlayıb Avropaya çatan böyük bir dəmiryolu layihəsi həyata keçirir. Həm Avropa İttifaqı, həm də Azərbaycan bu layihəyə xeyli vəsait xərcləyir. Məqsəd odur ki, Çindən Avropaya, Avropadan da Çinə quru yolla yüklər daşınsın. Bu zaman okeanın o tayından ABŞ deyir ki, bu yolun 42 kilometrini mənim şirkətimin nəzarətinə verin. Nə baş verib? ABŞ açıq-aydın deyir ki, Çin strateji düşmənimdir və onunla toqquşma qaçılmazdır.
Zəngəzur yolu açılmasa, Ermənistan elə həmişə təcrid vəziyyətində qalacaq. Zəngəzur yolu açılsa, Ermənistan blokadadan çıxacaq, Azərbaycan isə tranzit yollarından müəyyən gəlir əldə edəcək. Bütün bu müsbət nəticələri müti qul kimi ABŞ-yə verək?!
– Bir çoxları iddia edir ki, ABŞ-nin səyləri Trampa Nobel Sülh mükafatı verilməsi məqsədi daşıyır. Sizcə, Tramp “Nobel”ə layiqdir?
– 30 illik münaqişə dövründə ABŞ-nin rolu daha çox dağıdıcı, təhrikedici idi. Rusiya və Fransa kimi ABŞ da çalışırdı ki, Azərbaycan və Ermənistan arasında davam edən Qarabağ münaqişəsindən bəhrələnsin. Bu alınmadı və 2020-ci il müharibəsi sözügedən münaqişəyə son qoydu. İndi ABŞ-də hakimiyyətə Tramp gəlib. O, bir tərəfdən, dünya miqyasında münaqişələri, ziddiyyətləri kəskinləşdirir, müharibə aparır və öldürür, digər tərəfdən, uşaq kimi istəyir ki, ona “Nobel” sülh mükafatı versinlər. Hərçənd bu mükafatı qazanmaq üçün elə də böyük xidmətləri yoxdur, amma dünyada müharibə ilə nəticələnməmiş bütün siyasi gərginliklərin aradan qaldırılmasını öz adına çıxır.
Məsələn, deyir ki, Pakistanla Hindistan nüvə müharibəsi aparacaqdı, mənim 1 zəngimlə münaqişə dayandı. Azərbaycanla Ermənistan arasında münaqişə 30 il davam edib və artıq ortada razılaşdırılmış hazır sülh müqaviləsi var. Tramp bu sülhün ABŞ-də əldə olunması ilə göstərməyə çalışır ki, özü necə də sülhpərvər bir insandır. Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh müqaviləsi 2 liderin çox mürəkkəb, çətin və ağrılı səylərinin nəticəsidir. Bu işdə Trampın heç bir rolu yoxdur. Amma madam ki, Tramp bu məsələdən hər hansı fayda götürmək istəyir, qoy götürsün.