“Arif müəllimlə ilk tanışlığım 15 il öncə baş tutdu. Xalq artisti, görkəmli muğam ifaçısı Mənsum İbrahimov 50 illik yubileyi zamanı məni Arif müəllimlə tanış etdi. O zaman mən muğam
haqqında sərgi üçün bir neçə iş edirdim. Həmin vaxt Arif müəllimin büstünü hazırlayırdım və tez-tez gəlib işə baxırdı. Dedi ki, “bitirdikdən sonra heykəli mənə verə bilərsənmi?”.
Heykəli evdə iş otağına qoyacağını bildirdi. İşi bitirdikdən sonra heykəli Arif müəllimə hədiyyə etdim. Arif müəllimlə tez-tez görüşürdük. Həm Muğam mərkəzində, həm Milli Konservatoriyada, həm də evində. Hər zaman deyərdi ki, “bura sənin doğma evindir, tez-tez gəl”. Nə vaxt gedərdimsə öncə Gültəkin xanım gözəl bir süfrə açardı. Böyük insan idi Arif müəllim! Bir dəfə tələbə vaxtı idi və Muğam müsabiqəsi keçirilirdi. Arif müəllimdən xahiş etmişdim ki, gəlib baxmaq istəyirəm. Elə həmin gün bir hadisə oldu ki, gecikdim. Zəng etdim Arif müəllimə dedim ki, mən gecikirəm, dedi ki, “narahat olma səni çöldə gözləyirəm”. Çatanda müsabiqə artıq başlayırdı, dedi ki, “içəri keçmədim ki, birdən telefonum sönülü olar, səni içəri buraxmazlar”. Arif müəllim belə bir insan idi, çox həssas və diqqətli”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Arif Babayevin heykəlinin müəllifi, heykəltəraş Namiq Hüseynov deyib. O daha sonra Arif Babayevin onun “Danışan Əllər” layihəsində də ürəkdən iştirak etdiyini bildirib:
“Bir neçə il öncə, daha doğrusu 4 il olar biz "Danışan Əllər" layihəsinə başlayanda ilk zəng etdiyim insanlardan biri Arif müəllim idi. Dedi ki, “mən gələ bilməyəcəm, sən gəl evdə çıxararsan əllərimin qəlibini”. Çox xoşuna gəldi, dedi ki, “biz hamımız həyatdan köçüb gedəcəyik, ama bu tarixi bir işdir, hər zaman qalacaq”. Həmin qəlib əllərin bir nüsxəsini ona verməyimi istədi. Yaxşı ki, o zaman həmin əllərin bir nüsxəsini çıxarıb verdim və bizim layihə üçün kitabda öz ürək sözlərini yazdı. Arif müəllimlə bağlı xatirələrim çoxdur, saatlarla danışmaq olar. Amma çox təəssüf ki, təxminən 2 ay əvvəl telefonla danışdıq, dedi ki, “gəl, səni görmək istəyirəm bir az danışaq, söhbət edək”. Qismət olmadı. Bəlkə nələr-nələr danışacaqdıq, çox maraqlı söhbətlər olardı. Arif müəllim haqqında keçmişdə danışmaq mənim üçün çox çətindir. Arif müəllimə Allah rəhmət eləsin! Gültəkin xanıma səbr arzulayıram! Böyük sənətkarımızı itirdik” deyə heykəltəraş bildirib.
Namiq Hüseynov bildirib ki, heykəlin Qarabağ torpağında ucaldılmasını arzulayır:
“Çox istərdim ki, Arif müəllimin heykəli Qarabağda qoyulsun. Mənim babam da Ağdamın Sarıhacılı kəndindəndir və Arif müəllim həmişə mənimlə görüşəndə “elimin-obamın oğlu” deyərdi. Elə istərdim ki, Qarabağda Arif müəllimin adını daşıyan musiqi məktəbinin qarşısında olsun heykəl” deyə heykəltəraş bildirib.