"Qonşuların digər aktorlarla münasibətləri İrana qarşı yönəlməməlidir". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində İrəvanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmasına Tehranın münasibətini şərh edərkən deyib. Diplomat vurğulayıb ki, İran üçün vacibdir ki, heç bir qonşu dövlətin digər dövlətlərlə münasibətlərindən İrana qarşı istifadə olunmamalıdır:
"Bu, həm də beynəlxalq hüququn hər hansı dövlətin ərazisi və ya imkanlarından başqa dövlətə qarşı istifadəsini qadağan edən prinsiplərindən irəli gəlir. Hesab edirəm ki, Ermənistan bu mühüm prinsipi çox yaxşı başa düşür. Beləliklə, İran üçün vacibdir ki, qonşularının digər aktorlarla münasibətləri heç vaxt və heç bir şəkildə İranın maraqlarına qarşı yönəlməsin".
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, subyektivliyinin olmaması əksər ölkələrin Ermənistan üzərində hegemonluq iddialarını artırır. Ekspert vurğulayıb ki, hər kəs Ermənistana ağıl verməkdə özünü haqlı bilir:
"Ona göstərişlər verir. Ermənistan isə subyektivlik axtarışındadır, yəni öz taleyi barədə söz sahibi olmaq istəyir. İran özünün xislətini gizlətmək üçün "ərazi bütövlüyü" iddiası ilə Ermənistanın yanında durur. Özünü "Ermənistanın hamisi" kimi göstərməyə çalışır. Əslində, Azərbaycana qarşı mövqeyini Ermənistanın ərazi bütövlüyünün qorunması adı altında gizlədir. Ermənistan isə İran və Rusiyaya düşmən ölkələri regiona yığmaqla məşğuldur. İrəvan, əslində, İran üçün daha vacib ölkədir, nəinki İran Ermənistan üçün. İran bir növ özünü Ermənistana calaq eləməyə çalışır. Zorla özünü "Ermənistanın hamisi" kimi göstərir. Ermənistan məcburiyyətindən buna qatlanır".
Analitikə görə, İrəvan Türkiyə və Azərbaycanla münasibətləri düzəldən kimi İrandan uzaqlaşacaq: "İranın Ermənistana verə biləcəyi heç nə yoxdur. Tehran İrəvanın bütün şıltaqlıqlarına dözmək məcburiyyətindədir. Əks halda İrəvan birdəfəlik ondan uzaqlaşmaq yolunu tutar. İrana Ermənistan ərazisi ilə Avropaya çıxış yolu lazımdır. Onun üçün İrəvan nə qərar verəcəksə, Tehran buna əməl etmək məcburiyyətində qalacaq".