Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin ümumi məbləği 14 milyon manatdan çox olan iki tender proseduru ləğv olunub.
FED.az xəbər verir ki, ləğv edilən ilk tender yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərini əhatə edirdi. Bu müsabiqənin ehtimal olunan qiyməti 10.831.128,72 manat olub. Satınalma prosesi 25 aprel 2025-ci il tarixində saat 17:53-də elan edilib. Təkliflərin son təqdim olunma tarixi 12 iyun 2025-ci il saat 18:00 olaraq müəyyənləşdirilmişdi və həmin tarixdə zərflərin açılışı da planlaşdırılmışdı.
İkinci tender isə məktəbəqədər təhsil müəssisələri üçün “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə müxtəlif malların alınmasını nəzərdə tuturdu. Bu tenderin ehtimal olunan qiyməti 3.451.836,05 manat təşkil edib. Müsabiqə 19 mart 2025-ci il saat 11:41-də elan edilib və təkliflərin qəbulu 30 aprel 2025-ci il saat 16:00-a qədər davam etməli idi. Eyni tarixdə zərflərin açılması nəzərdə tutulmuşdu.
Hazırda ləğv qərarlarına dair daha geniş izahat təqdim olunmayıb, səbəb olaraq nəzarət orqanının qərarı göstərilir. Layihələrin yenidən elan olunub-olunmayacağı isə yaxın zamanda aydınlaşacaq.