“Azərbaycan artıq yalnız bölgədə yox, qlobal miqyasda da öz nüfuzunu artırır”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, ölkəmizin birləşdirici rol oynanması, Prezident İlham Əliyevin qlobal liderlər sırasındakı güclü mövqeyi artıq bir çox məsələlərdə sözümüzün daha kəsərli olmasını və milli maraqlarımızın diktə etdiyi mövzularda daha çox beynəlxalq platformalarda prioritet kimi ortaya çıxması zərurətini yaradıb:
“Siyasi anlamdan baxsaq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı aparlanan danışıqlar və görülən işlər son zamanlarda daha da intensivləşib.
Həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin imzalanması üçün artıq erməni cəmiyyətini hazırlamağa start verib. Onun mətbuat konfransındakı çıxışları, eləcə də komandasından olan deputatların və siyasətçilərin fikirləri dediklərimizi bir daha təsdiqləyir”.
Millət vəkili qeyd edib ki, artıq Ermənistan rasional və real addımlar atmalıdır:
“Sülh müqaviləsi beynəlxalq hüquqa söykənməli və beton gücündə olmalıdır. Yəni, Azərbaycan sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayır.
Məhz bölgədə dayanıqlı və davamlı sülh əldə edilməlidir. Tələblərimiz ortadadır. Artıq bununla bağlı 17 bəndin razılaşdırılması hər birimizə məlumdur. Qalan tələblərimiz də açıq və aydın şəkildə İrəvana çatdırılıb. Bunlar ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında dəyişikliyinin edilməsidir. Ancaq İrəvan hakimiyyəti hələlik bununla bağlı real adımlar atmır. Hazırda Paşinyan üçün qarşıda kifayət qədər ağır günlər, seçkilər başlayır.
Üstəlik, cəmiyyətdə hələ də revanşist qüvvələr də mövcuddur. Hansı ki, onlar da öz təzyiqlərini Paşinyana və komandasını göstərməkdədirlər. Paşinyanın həm revanşistlərlə, həm kilsə ilə problemləri qalmaqdadır. Düşünürəm ki, Nikol Paşinyan qətiyyətli adımlar atmalıdır. Əgər o, sözün əsl mənasında real sülh və normallaşma istəyirsə, qarşısında olan konkret tələbləri icra etməlidir”.
Onun sözlərinə görə, qısa zamanda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması gözlənilmir:
“Yaxın günlərdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması çətin görünür. Amma pozitiv adımlar da var. Artıq bundan sonra Ermənistan hakimiyyəti üzərinə düşəni etməlidir. Beləliklə, məsələnin həll edilməsi təmin olunar.
Çünki ölkəmiz öz üzərində düşən bütün məsələləri həll edib, bu məsələ bizim üçün yekunlaşıb. Azərbaycan öz ərazilərinini yenidən qurur və bərpa edir.
Sürətlə inkişaf edən ölkəmizin hər gün artan gücü bütün dünyaya bəllidir. Cənab Prezident İlham Əliyevin nüfuzu və siyasi lider rolu beynəlxalq güclər tərəfindən də artıq qəbul edilir. Ona görə də artıq “top” Ermənistandadır və İrəvan bu məsələləri çevik və qətiyyətlə həll etməlidir”.