“Qara binalar” dedikdə ağla ilk olaraq vahiməli, mistik, təhlükəli məkanlar gələ bilər, amma bu metaforik anlam başqadır. Daşınmaz əmlak bazarında investorların özünəməxsus spekulyasiyasının obrazlı təsviridir. Yəni əlində pulu olanların yatırım üçün çoxsaylı mənzilləri, hətta tamamən binanı satın alıb sonradan baha qiymətə sataraq yüksək gəlir əldə etməsidir. Bu anlayış hüquqi və rəsmi baxımdan mövcud olmasa da, iqtisadi və sosial reallığın metaforik ifadəsidir.
Nəticədə Azərbaycanda yeni, çoxmərtəbəli binalar mərkəzdən ucqara qədər hər yerdə yüksəlir. Çünki daşınmaz əmlak bazarı ölkədə ən geniş yayılmış biznes növüdür: tələb-təklif varsa, yüksəlməyə də davam edəcək. İlk təəssüratda iqtisadi canlanma olaraq görünür, əslində bu mənzərənin arxasındakı görünməz əllər süni manevrlər yaradır.
İqtisadçı ekspert Çingiz Cəbrayılov Bizim Media-ya açıqlamasında deyir ki, ümumiyyətlə Azərbaycanda insanlar “daşa-quma” pul yatırmağı həmişə üstün tutublar: “Əslində qınamaq da olmur, çünki hər dövrdə ən etibarlı və zaman keçdikcə artan yatırım məhz mənzil bazarıdır. Daşınmaz əmlak uzunmüddətli perspektivdə həmişə qiyməti qalxan investisiyadır. Amma baxır hansı səviyyədə... İnvestorların da bir dayanma nöqtəsi olmalıdır. Harda bir tikinti gördü “katlavan”dan ucuz alıb gözləyir, sonra bazarı demək olar ki, o təyin edir”.
Ekspert deyir ki, belə olduqda gerçək alıcılar üçün mənzillər çatışmır, halbuki yüzlərlə mənzil illərlə boş qalır. Aşağı gəlirli ailələr isə mənzil sahibi olma şansını itirir. Çünki onların alıcılıq qabiliyyəti qeyri-real rəqəmləri formalaşdıran və “kölgə”də dayanıb gözləyən belə investorlar tərəfindən boğulur
Ç.Cəbrayılov diqqətə çatdırıb ki, süni şəkildə mənzillərin satış qiymətləri yüksəldikcə, məlum məsələdir ki, kirayə bazarında qiymətlər də “əl yandıracaq”.
Bir problem də var ki, “qara binalar” yalnız iqtisadi deyil, urbanistik problemlərə də yol açır. Boş qalan mənzillərlə dolu binalar hər yerdə var, neçə-neçə ərazi “canlılıq” hissini itirib. Xüsusən də axşamlar bir mənzilin belə işığı yanmır, ona görə də “ruhlar məhəllə”lərinin yaranmasına səbəb olur. İnsan nəfəsi duymayan bu binalar “yetim” kimi bir-birinə qısılıb, nə vaxtsa onlara sahiblənəcək bir ev yiyəsi gözləyirlər.
Məlumat üçün bildirək ki, Avropa ölkələrində bu cür investisiyalarla qarşı ikinci mənzil vergisi, boş mənzillərə cərimələr tətbiq edilir. Azərbaycanda da daşınmaz əmlak bazarına axan vəsaitlərin yoxlanılması və spekulyasiyaya qarşı tədbirlər görülməsə, belə mənzillər əsl sahiblərini tapmadan yalnız sərvət toplayanların “qara qutu”su olacaq.