İyulun 1-dən etibarən qohum nikahı rəsmi olaraq qadağan edilir. Amma bu məsələ haqqında hələ də birmənalı fikir yoxdur. Bəziləri dövlətin belə mövzulara müdaxiləsini əsassız hesab edir, qohum nikahlarının ölkədə ənənəyə çevrildiyini, yeni qanunun effektiv olmayacağını bildirirlər. Düşünülür ki, belə evliliklər qeyri-rəsmi də olsa, mövcudluğunu davam etdirəcək.
Bundan sonra proseslər necə olacaq? Qanun effekt verəcəkmi?
Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, gec də olsa, Azərbaycanın bu istiqamətdə atdığı addım yerindədir:
“Belə qadağalar təkcə genetik xəstəliklərin qarşısını almaq məqsədi daşımır, həm də cəmiyyətin bioloji müxtəlifliyinin qorunmasına xidmət edir. Ona görə də bu, sadəcə fərdin şəxsi seçimi sayıla bilməz. Çünki fəsadlarını yalnız bir insan deyil, gələcək nəsillər çəkir. Nikah iki nəfərin şəxsi məsələsi olmaqdan daha çox, cəmiyyət qarşısında bağlanmış müqavilədir. Lakin nəzərə almaq lazımdır ki, bu cür qadağalar bəzi ənənə tərəfdarlarının müqaviməti ilə rastlaşacaq. Qohum evlilikləri bir çox ailələr üçün yalnız bir nikah deyil, həm də ailə sərvətini yadlara ötürməmək üçün düşünülmüş strategiyadır”.
Yusif Nəbiyev
Sosioloq bildirib ki, rəsmi nikah olmadan birlikdə yaşayan cütlüklər müxtəlif hüquqi və sosial risklərlə üz-üzə qalacaqlar:
“Övladların hüquqi statusu, miras məsələləri, valideyn məsuliyyəti və boşanma zamanı əmlakın bölüşdürülməsi kimi məsələlərdə ciddi problemlər yaranacaq. Ümumiyyətlə, qərar müsbət olsa da, yalnız qanunun mövcudluğu yetərli deyil. Paralel şəkildə maarifləndirmə işləri aparılmasa, dini liderlər, el ağsaqqalları proseslərə cəlb edilməsə, bu nikahlar gizli şəkildə davam edəcək və gerçək dəyişiklik baş verməyəcək”.