Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iyunun 26-da Baksol adlanan ərazidə yolun çökməsi nəticəsində vətəndaşın kanalizasiyaya yıxılıb həlak olmasına görə günahı sahibkarların üzərinə qoyub.
"DİA-AZ" xəbər verir ki, bu barədə Agentliyin qurumunun hadisə ilə bağlı açıqlamasından sonra məlum olub. Agentliyin qurumu olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti elan edib ki, «kollektorun üzərinin sahibkarlar tərəfindən örtülməsi ərazinin qəzalı olduğunu görməyə maneə yaradıb».
Xidmətin açıqlamasında deyilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
Xidmət etiraf edib ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş hissəsi qəzalı vəziyyətdə olub.
Buradan bildirilib ki, kollektorun 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.
Daha sonra, Xidmət bu ərazidə yol örtüyünün çökməsi və təmir işlərinin indiyədək aparılmamasına görə, həmin ərazidə fəaliyyət göstərən sahibkarları, daha dəqiqi tikinti materiallarının satışı ilə məşğul olan şəxslərin günahkar olduğunu elan edib.
«Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, xəttin mühafizə zonası ağırçəkili tikinti materialları ilə yüklənib».
Xidmət bildirib ki, belə vəziyyət görülən işlərə maneə olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib. «Qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları söküblər. Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib», - deyə qurumun məlumatında qeyd olunur.
Xatırladaq ki, hadisə nəticəsində Cümşüd Cümşüdov adlı vətəndaş kanalizasiya sisteminə düşərək həlak olub. Onun meyiti dünən Hövsan kollektorundan tapılıb.