Moderator.az-a Kapital Bank-ın fəaliyyəti ilə bağlı daha bir şikayət daxil olub.
Vətəndaş bildirir ki, Kapital Bank kartı vasitəsilə dünyaca məşhur “Starlink” peyk interneti xidmətindən cihaz sifariş edib. Sifariş zamanı əsas ödənişlə yanaşı, kartından əlavə olaraq həmin məbləğin 18 faizi qədər pul da tutulub. Müştəri araşdırma apararaq öyrənib ki, bu əlavə vergi tutumu qanunsuzdur və bank bu vəsaiti geri qaytarmalıdır.
Şikayətçinin sözlərinə görə, Kapital Bank əməkdaşı ilkin mərhələdə tutulmanın təsnifat kodundakı qeyri-dəqiqliyə görə baş verdiyini təsdiqləyib və əlavə vəsaitin geri qaytarılması üçün sorğu yaradacağını bildirib. Bu məqsədlə müştəridən cihazı əldə etdiyinə dair qəbz və foto təqdim etməsi istənilib. Müştəri sənədləri təqdim etdikdən sonra isə növbəti gün ona müraciətin rədd edildiyi bildirilib.
Daha sonra o, yenidən müraciət etsə də, cavab dəyişməyib. Şikayətçi bildirir ki, bank əməkdaşları bu dəfə səbəb kimi təqdim edilən invoysda ödəmə edilən kartın son 4 rəqəminin göstərilməməsini əsas gətiriblər. Müştəri haqlı olaraq qeyd edir ki, Kapital Bank özü onun hansı kartla ödəniş etdiyini bilir və bank tarixçəsində bu məlumat açıq şəkildə görünür. Lakin bank əməkdaşları vətəndaşı “Starlink” şirkətinə müraciət edərək kart məlumatlarının əks olunduğu yeni invoys əldə etməyə məcbur etdiklərini bildiriblər.
Şikayətçi yaranmış vəziyyəti Kapital Bank tərəfindən vətəndaşa qarşı haqsızlıq, bürokratik süründürməçilik və vəsaitin əsassız mənimsənilməsi kimi dəyərləndirir:
“Bu Kapital Bankın vətəndaşı incitməsidir, bu Kapital Bankın vətəndaşın pulunu mənimsəməsidir. Bank özü də etiraf edir ki, tutulma qanunsuz olub, amma pulu qaytarmamaq üçün min cür bəhanə uydururlar!”
Starlink şirkəti: “Kart məlumatlarını paylaşmırıq”
Qeyd edək ki, Kapital Bank müştəridən təqdim etdiyi invoys sənədində ödənişin hansı kartla edildiyini təsdiqləyən məlumat – yəni kartın son 4 rəqəminin görünməsini tələb edib. Bununla bağlı müştəri birbaşa Starlink şirkətinə müraciət edib və rəsmi cavab alıb.
Şirkətin cavab məktubunda bildirilir:
“Hazırda, ödəniş üçün istifadə olunan kartın son 4 rəqəmi göstərilən heç bir qəbz və ya sənəd təqdim etmirik. Yalnız balansın $0.00 olduğunu göstərən invoys sənədi verilir. Məxfilik və təhlükəsizlik səbəbilə ödəniş vasitələrinin tam və ya qismən detalları saxlanmır və paylaşılmır. Narahatçılığa görə üzr istəyirik.”
Bu cavab açıq şəkildə göstərir ki, Kapital Bank tərəfindən tələb olunan sənədin əldə olunması texniki və hüquqi baxımdan mümkün deyil. Müştəri isə haqlı olaraq qeyd edir ki, belə olan halda bank öz sistemindəki ödəniş tarixçəsinə əsasən vəsaiti qaytarmalıdır.
Hazırda isə Kapital Bank nə əlavə sənədi tanıyır, nə də öz sistemindəki məlumatlara əsasən vətəndaşın haqlı tələbinə cavab verir.
Məsələ ilə bağlı Kapital Bank-ın mövqeyini işıqlandırmağa hazırıq.