Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, o, İrəvanda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında Lavrovun məlumatının "natamam və yanlış" olduğunu qeyd edib.
"Yanılmıramsa, S.Lavrov "hakimiyyətin kilsəyə qarşı mübarizəsi" ifadəsini işlədib. Lakin Ermənistanda hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı mübarizəsi yoxdur. S.Lavrovun nəzərdə tutduğu, ehtimal ki, bəzi kilsə xadimlərinin Ermənistanda siyasi proseslərə qatılması və müdaxiləsinə aiddir. Eyni zamanda hüquq-mühafizə orqanlarının versiyasına görə, söhbət qeyri-hüquqi yolla iştirak cəhdi və çevriliş cəhdindən gedir. Bu, hüquqi prosesdir və Ermənistanın daxili işidir", - A.Mirzoyan bildirib.
O qeyd edib ki, Lavrov Ermənistanın daxili işlərinə və daxili siyasətinə müdaxilə etməsə yaxşı olar: “Fürsətdən istifadə edərək, eyni çağırışı Lavrovun parlament həmkarlarına, media həmkarlarına ünvanlamaq istərdim”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, "kanonik erməni kilsəsinin hücumlara məruz qalmamasını və münaqişənin tezliklə həll olunmasını istərdik".
"Mövzunu müzakirə etdik, Ermənistanın daxilində baş verənlərlə bağlı ciddi narahatlığımızı bildirdik. Aydındır ki, bu, qonşularımızın daxili işidir, lakin şübhəsiz ki, kanonik, minillik erməni apostol kilsəsinə qarşı hücumlar çox böyük narahatlıq doğurur", - nazir bildirib.