Növbəti 3 ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin hansı ölkələrdə keçiriləcəyinə aydınlıq gətirilib. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta açıqlamasında bildirib. O, 2026-2028-ci illər üçün müəyyən edilmiş ev sahibi ölkələrin adını açıqlayıb. Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında da Latviyada keçiriləcək.
“2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram”. Ermənistanın baş naziri Nikol Paşinyan X hesabında belə yazıb. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər.
ASB-nin son sammiti bu ay Albaniyanın paytaxtı Tiranada keçirilib. Azərbaycan və Ermənistan liderləri sammit çərçivəsində kofe içiblər, münasibətlərin tənzimlənməsini müzakirə ediblər. Tədbir çərçivəsində Fransa Prezidenti də İ.Əliyevə yaxınlaşaraq onunla səmimi söhbət edib.
Belə mülahizələr səslənir ki, ASB-nin 2028-ci ildə Bakıda keçiriləcək toplantısında Paşinyan da iştirak edə bilər. Lakin buna qədər Ermənistan Azərbaycanın məlum iki şərtini yerinə yetirməli və yekun sülh sənədi imzalanmalıdır.
Yada salaq ki, ASB formatı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Aİ ölkələri və inteqrasiyaya can atan və ya daha sıx əməkdaşlıqda maraqlı olan dövlətlər arasında dialoq platforması kimi təklif edilib. Lakin 44 günlük müharibədən sonra Makron Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham edir. İndi onun təşəbbüsü ilə yaradılan platformanın növbəti zirvəsinin Bakıda keçirilməsi baş tutarsa, həm Paşinyan, həm Makron Azərbaycana gələ bilərmi?
Yeri gəlmişkən, Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin İrəvana səfər edə biləcəyi ilə bağlıdır.
“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü “News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində belə bir xof yaratmağa çalışıb ki, 44 günlük müharibəni qələbə ilə bitirən, vaxtaşırı Zəngəzur dəhlizi, Qərbi Azərbaycan məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər...
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Avropa Siyasi Birliyinin zirvə toplantıları artıq ildə iki dəfə sammit formasında keçirilməklə ənənə halını alıb: “Bu, Avropa regionunda mövcud olan problemlərin çətinliklərin müzakirə edilməsi məqsədilə ortaya qoyulmuş təşəbbbüs adlandırılır. Bunu Fransa dövlətinin təşəbbüsü hesab etmək daha doğru olardı. Gələn ilin ilk sammiti Ermənistanda olacaq. Nəzərə alsaq ki, Avropa liderləri bu tədbirlərdə iştirak edir, deməli, 2026-cı ildə Ermənistana toplaşacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin də bu tədbirdə iştirakı o tədbirin keçirilməsi qaydalarına uyğun olaraq nəzərdə tutulur. Bunu Ermənistan mediası bu şəkildə əsaslandırır. Amma Azərbaycan Prezidentinin İrəvanda keçiriləcək sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı nə olacaq, bu, hələ bizə məlum deyil. Amma nəzərə alaq ki, bu zirvə toplantılarının ikisində İlham Əliyev iştirak etməyib”.
Ekspertin sözlərinə görə, Qranada və Budapeşt zirvə görüşlərində Prezidentimiz ona görə iştirak etməmişdi ki, həmin tədbirlər öncəsi Azərbaycana qarşı bir dezinformasiya siyasəti var idi: “Burada Fransa xüsusi aktivlik nümayiş etdirirdi. Yəni Azərbaycan Prezidentinin bu görüşlərdə iştirak etmədiyi ilə bağlı da təcrübə var. Deməli, İrəvanda keçiriləcək zirvə görüşünə qatılıb-qatılmamaq məsələsində də dövlətimizin başçısı istəsə iştirak edə bilər, istəməsə qatılmaya bilər”.
Ekspert onu da qeyd etdi ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Bakıda zirvə görüşü keçirilən zaman Emmanuel Makronun Fransa prezidentliyi dövrü bitmiş olacaq: “Fransa Konstitusiyasına görə, Makron iki dəfədən artıq ölkə prezidenti seçilə bilməz. Ona görə də onun prezidentlik müddəti gələn il başa çatacaq. Makron istəsə belə, 2028-ci ildə Bakıda keçiriləcək zirvə görüşünə prezident kimi qatıla bilməz. 2028-ci ildə Fransanın prezidenti kim olacaqsa, həmin şəxsin Bakıdakı zirvə görüşündə iştirak edib-etməməsi məsələsi gündəmə gələcək.
Nikol Paşinyanın Bakıya gələcəyi məsələsinə gəlincə, Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın partiyası qalib gələrsə, o, baş nazir kimi qala bilər. Partiyası qalib gəlməsə, təbii ki, Paşinyan baş nazir ola bilməyəcək. Bu halda isə Paşinyan da istəsə belə, baş nazir kimi Bakıda keçiriləcək zirvə görüşündə iştirak edə bilməz. Ancaq əgər partiyası qalib gəlsə və Paşinyan kürsüsünü qoruyub saxlaya bilsə, Bakıya gəlib-gəlməməyi odövrkü Azərbaycan-Ermənistan münasibətlərindən asılı olacaq. Əgər o zamana qədər sülh sazişi imzalansa və iki ölkə arasında münasibətlər normal istiqamət alsa, baş nazir Nikol Paşinyanın Bakıya səfəri mümkün ola bilər. Diplomatik münasibətlər rəsmiləşərsə qarşılıqlı səfərlərin reallaşması çətin olmayacaq".
X.Bəşirov onu da dedi ki, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycan-Ermənistan münasibətlərinin düzələcəyindən danışmaq yersiz olacaq: “Belə vəziyyətdə isə Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək zirvə toplantısında Azərbaycan iştirak etməyəcək, Bakıda keçiriləcək zirvə toplantısında isə Ermənistanın iştirakı mümkün olmayacaq”.