Elektron hərracların keçirilməsi qaydalarında edilən son dəyişikliklər, bir çox zərərçəkmişi hüquqlarından faktiki olaraq məhrum edir. Çünki qarşılarına ciddi bir maneə - beh ödəmək məcburiyyəti qoyur.
Musavat.com xəbər verir ki, əvvəllər zərərçəkmiş şəxslər, yəni əmlakı əlindən alınan, ziyan çəkmiş vətəndaş heç bir maddi tələb olmadan hərracda iştirak edə bilərdi. O, borclunun əmlakının mümkün qədər yüksək qiymətə satılmasına çalışaraq, öz zərərinin daha dolğun ödənilməsinə töhfə verə bilərdi. Bu gün isə vəziyyət fərqlidir. Ona dəymiş ziyanı qarşılamaq üçün keçirilən hərraca qatıla bilmir. 5–10 faizlik beh tələbi zərərçəkmiş şəxslər üçün aşılmaz səddə çevrilib. Məhz bu tələbə görə 1 aydır ki, bir çox zərərçəkmiş maraqlarına toxunan hərracdan kənarda qalır. Nəticədə əmlak daha ucuz satılır deyə, ödənən ziyanın miqdarı da az olur.
Məsələn, 100 min manata hərraca çıxarılan hər hansı bir əmlakın 10 faizi beh olaraq ödənməlidir. Qaydalara dəyişiklik edilənə qədər zərərçəkmiş şəxslər 10 faiz beh ödəmədən maraqları çərçivəsində satılan əmlakın satışa çıxarıldığı hərraca qatılırdılar. Digər iştirakçıların təklif etdikləri məbləğin daha artığını təklif edirdilər. Beləcə əmlakın qiyməti 100 mindən 200 minə və daha artıq qalxır, yarış mühiti yaranırdı. Sonda əmlak baha satılır, müvafiq olaraq zərərçəkənə dəyən zərər məbləğinin ödənməsi də asanlaşırdı. Dövlət zərərçəkmiş vətəndaşın
hüquqlarının bərpasına yardımçı olurdu.
Dəyişiklikdən sonra isə zərərçəkən hərraca beh ödəməyə pul tapmır, müvafiq olaraq iştirakçıtək hərraca qatıla bilmir. Hərraca çıxarılan əmlak ilkin qiymətindən 5-10 min baha, başqa sözlə "su qiymətinə" satılır. Bu dəyişiklik kimin marağına cavab verir? Vətəndaşın? Dövlətin?
Təbii ki, yox. Yeni qaydaların ölkədə hərrac işbazlarının formalaşmasına, əl-qol açmasına rəvac verməkdən başqa məqsədi görünmür.
Belədə sual yaranır ki, bəs yeni qaydalar nə dərəcədə hüquqidir? Beynəlxalq praktika nə deyir?
Avropa, Asiya və Amerika ölkələrində beh tələbi var, bəli. Amma fərq ondadır ki, bu sistemlərdə hüquqi yardım genişdir, güzəşt mexanizmləri tətbiq olunur və şəffaflıq maksimum səviyyədədir. Zərərçəkmişlər üçün xüsusi qaydalar nəzərdə tutulur. Bizdə isə zərərçəkmiş şəxslərə əlavə güzəştlər tətbiq etmək hüquqları məhdudlaşdırılıb!
Dövlət zərərçəkmiş vətəndaşının yanında olmalıdır, qarşısında deyil. Zərərçəkmiş vətəndaşa beh tələbi irəli sürmək onu hərracdan uzaqlaşdırmaq, əslində onun ədalətə çatma yolunu bağlamaqdır.
Ədliyyə Nazirliyinin bu dəyişiklikləri etməsi isə hüquqi baxımdan da ciddi suallar doğurur. Azərbaycan Respublikasının Konstitusiyası, xüsusilə 60-cı maddədə qeyd olunur ki, "hər kəsin məhkəmə qaydasında müdafiə hüququ vardır". Həmçinin, 71-ci maddədə dövlət orqanlarının vəzifəsi insanların hüquqlarını və azadlıqlarını qorumaq kimi müəyyən edilir. Zərərçəkmişlərin hüquqlarını məhdudlaşdırmaqla bu prinsiplər pozulmuş olur.
Üstəlik, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, zərərçəkmişlərin əmlakın realizəsindən maksimum fayda götürməsi icra prosesinin əsas məqsədlərindən biridir. Beh tələbini icra proseduruna əlavə etməklə, nazirlik bu məqsədlə ziddiyyətə girir. Bu isə həm hüquqi əsasdan məhrumdur, həm də Konstitusiyaya və yuxarı qanunvericilik aktlarına ziddir. Bu baxımdan zərərçəkmiş şəxslərin hərraclarda iştirakını məhdudlaşdıran beh tələbi ləğv edilməlidir.