Azərbaycandan Böyük Britaniyaya aparılan ayılar 2020-ci ildə Ağstafa rayonunda yerləşən "Yaşıl ada" restoranında aşkarlanıb.
Bunu Teleqraf-a açıqlamasında Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının (GWARP) prezidenti Fərid Mansurov deyib.
Onun sözlərinə görə, ayıların adı "Wildheart Animal Sanctuary" təşkilatının iddia etdiyi kimi Benji və Balu yox, Alu və Baludur.
F.Mansurov bildirib ki, həmin ayılar 2020-ci il iyulun 23-də “Yaşıl ada” restoranından götürülüb: "Ayılar rəsmi adı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası olan məntəqəyə təhvil verilib. Mənə görə ora nə reabilitasiya mərkəzidir, nə də klinika. Ayıların adı isə Balu və Alu idi”.
O, ayıların vəziyyətinin "Wildheart Animal Sanctuary" təşkilatının qeyd etdiyi kimi acınacaqlı olmadığını deyib: “Həmin ayıların vəziyyəti son dərəcə yaxşı idi. Onlara restoranda kifayət qədər yaxşı baxılmışdı. Amma əlbəttə ki, vəhşi heyvanlar restoranlarda nümayiş etdirilməməli və orda saxlanılmamalıdır. Bu, məlum məsələdir”.
Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının prezidenti Altığac Milli Parkında fəaliyyət göstərən klinikada ayılara qulluq edilməsi üçün böyük əmək sərf olunduğunu da bildirir: “Yadınıza gəlirsə, 2020-ci ildə Şəkidə kor ayı şəhərə enmişdi. O zaman bəziləri bu ayının öldürülməsini təklif edirdi. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev şəxsən kor ayı ilə maraqlandı. Ayını anesteziya etmək mümkün olmadı, ancaq böyük çətinliklə də olsa Şəkidən Altıağac qoruğuna gətirildi. Orda şərait çox məhdud idi. Mən “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözələ bu barədə danışanda o, dərhal mənimlə Altıağac Milli Parkına getdi, ayıların orda saxlanılması üçün lazımi şəraitin hazırlanmasına köməklik göstərdi”.
Fərid Mansurov ayıların müalicəsinin də mühüm əhəmiyyət daşıdığını və bunun üçün "Four Paws International" təşkilatı ilə birgə çalışdıqlarını bildirib:
“Bizim təşkilat "Four Paws International" ilə əlaqə yaratdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Nazirlər Kabinetinin icazəsi ilə həmin təşkilat tez-tez “Altıağac”a gəlib ordakı ayılara peyvənd vurur, müalicələrini təşkil edirdi. Artıq bu zaman “Altıağac”da 19 ayı vardı, ölkənin müxtəlif regionlarından xilas edilmiş ayılar bura gətirilmişdi. Amma hazırda bu yer ayılara darlıq edir, buna görə çox təəssüf ki, əlavə olaraq 7 ayı "Altıağac" parkının yaxınlığında olan “Cənnət bağı” restoranında saxlanılır”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın da Altıağac Milli Parkına gələrək oradakı vəziyyətlə tanış olduğunu və problemlərin aradan qaldırılması üçün əməli işlər gördüyünü vurğulayan Fərid Mansurov "Wildheart Animal Sanctuary" təşkilatının iddia etdiyi kimi Azərbaycanda ayıların heç də acınacaqlı şəraitdə yaşamadığını qeyd edir:
“Azərbaycanda heç də iddia edildiyi kimi ayılara və digər vəhşi heyvanlara laqeyd və biganə münasibət yoxdur. Ümumiyyətlə, bu təşkilat heç vaxt Azərbaycanda olmayıb. Ayıların müalicəsi, qeyd etdiyim kimi, "Four Paws International" təşkilatı tərəfindən həyata keçirilib. Onlar hətta ayının cinsini də səhv yazıblar, belə ki, Alu və Balu Qafqaz ayısıdır, ancaq onlar Avropa ayısı olduğunu bildiriblər. Yəqin düşünüblər ki, ayılar Avropa ayısı olsa daha böyük ianə toplaya bilərlər”.