![Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739217733_image_750x_67a9e4ac458a6.jpg)
Kiçik və orta biznes nümayəndələri Ermənistan hökumət binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək dövriyyədən vergi dərəcəsinin artırılmasına qarşı çıxış ediblər. Onların sözlərinə görə, Nazirlər Kabinetində və Ermənistan Parlamentində bu məsələ ilə bağlı sonuncu görüş uğurlu olmayıb.
Yanvarın 1-dən vergi 5%-dən 10%-ə yüksəlib. Etirazçılar yeni vergi qaydalarının dözülməz bir yükə çevrildiyini deyiblər.
"Bizə dedilər ki, qüvvəyə minmiş vergi qaydaları ləğv edilməyəcək. Biz bunun əksinə - qərarın ləğvinə nail olmalıyıq", - marketlərdən birinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, vergilərin artırılması qeyri-qanunidir: “Hakimiyyət bunu elə təqdim edir ki, guya sahibkarlıq subyektləri vergi ödəmək istəmirlər. Bu, doğru deyil: dəfələrlə artan vergi yükü ciddi problemlərə və son nəticədə kiçik və orta biznesin bağlanmasına gətirib çıxaracaq”.
“Ovik Abramyanın Baş nazirliyi dövründə də eyni qanun tətbiq olundu, amma biz cəmi 1500 nəfər yığışdıq, sonra bizə çox tez rəsmi cavab verildi və elə həmin gün qərar ləğv olundu. Biz birləşib onları məğlub edəcəyik. Biznesimizi itirsək, ölkəmizi də itirəcəyik. Biz vətənimizi bu yolla qorumalıyıq”, - deyə etirazçılardan biri söyləyib.
Etiraz aksiyasının digər iştirakçısı isə Baş nazir Nikol Paşinyan hakimiyyətinin “kiçik biznesdən qurtulmaq niyyətini böyük biznesin xeyrinə gördüyünü” vurğulayıb.
Baş nazir Aparatının Vətəndaşlarla Əlaqələrin Monitorinqi və Qiymətləndirilməsi Departamentinin rəhbəri Hamlet Nazaryan etirazçıların qarşısına çıxıb. O etirazçıları problemləri bir daha aşkar edib Nazirlər Kabinetinə təqdim etməyə çağırıb.
“Biz bütün məsələləri nəzərdən keçirəcəyik, problem olarsa, həllini tapacaq”, - Nazaryan bildirib.
Kiçik və Orta Biznesin Əməkdaşlığı Assosiasiyasının rəhbəri Akop Avakyan Nazaryanın sözlərindən qəzəblənib. O qeyd edib ki, hakimiyyətlə “bütün problem ondan ibarətdir ki, onlar əvvəlcə qərar qəbul edirlər və yalnız bundan sonra nəticələrinə baxırlar”.
Nazaryanın vədindən sonra etirazçılar dağılışıblar. Lakin cümə axşamı günü yenidən etiraz aksiyası keçirıcıklərini bəyan ediblər.
Ayna.az