2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də "Azərbaycan tarixi" fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq. Bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.
Qeyd edək ki, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi, tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə olan V siniflərində "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədrisi həyata keçirilib. Tədris ilinin sonunda həmin 20 məktəbin pilot nəticələri təhlil edilib və ümumi nəticələr qənaətbəxş hesab edildiyindən 2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilərək 100 ümumi təhsil müəssisəsində, 2024-2025-ci tədris ilindən ölkədə bütün V siniflərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris edilib. Ümumilikdə, tədris prosesi qənaətbəxş hesab edilib.
Qeyd edək ki, rus bölməsində təhsil alan şagirdlərin bir çoxu Azərbaycan dilini kifayət qədər bilmədikləri üçün gündəlik həyatda və cəmiyyətdə sosial inteqrasiyada problemlər yaşayırlar. Bu, onların gələcəkdə iş tapmaq və ya ali təhsil almaq imkanlarını məhdudlaşdıra bilər.
Bəzi valideynlər uşaqlarını rus bölməsinə daha yüksək keyfiyyətli təhsil almaq üçün göndərsələr də, bu, bəzən uşaqlarda əlavə təzyiq və stress yaradır. Həmçinin, bəzi hallarda rus bölməsində oxuyan şagirdlər digər şagirdlərdən fərqli yanaşma ilə üzləşə bilərlər. Rus bölməsində təhsil alan şagirdlər üçün Azərbaycan dili, Azərbaycan tarixi kimi fənlər ciddi əhəmiyyət kəsb etsə də, bu dərslərə kifayət qədər diqqət yetirilmir. Nəticədə bu, onların dövlət dili ilə bağlı biliklərinin zəif olmasına səbəb olur.
Təhsil eksperti Ramin Nurəliyevin fikrincə, rus bölməsi şagirdləri əksər fənləri bu dildə keçsələr də, bəzi fənlərin Azərbaycan dilində tədrisi vacibdir. Onun sözlərinə görə, xüsusilə “Azərbaycan tarixi” fənni öz dilimizdə tədris olunmalıdır:
"Buradakı tarix Azərbaycan tarixidir, ona görə də bu fənnin Azərbaycan dilində keçirilməsi zəruridir. Bu qərar təkcə rus bölməsinə deyil, ümumilikdə tədris dili Azərbaycan dilindən fərqli olan bütün məktəblərə şamil olunmalıdır. Çünki həmin şagirdlər Azərbaycan dilini bilməlidirlər".
Ekspert qeyd edib ki, hər il keçirilən qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin əksəriyyəti Azərbaycan dili fənnindən uğur qazana bilmirlər:
"Onların 50 faizi Azərbaycan dili üzrə imtahanın yarısını belə keçə bilmir. Bu isə onların ali təhsil müəssisələrinə qəbul imkanlarını azaldır. Gələcək karyera baxımından da rus bölməsi şagirdlərinin Azərbaycan dilini bilməsi vacibdir. Çünki onların böyük əksəriyyəti gələcəkdə ölkə daxilində dövlət qurumlarında və ya özəl sektorda fəaliyyət göstərəcək. Bu sahələrdə isə Azərbaycan dilində sərbəst danışmaq məcburidir. Müqavilələr, qanunvericilik sənədləri, rəsmi yazışmalar əsasən Azərbaycan dilində aparılır".
R.Nurəliyev qeyd edib ki, rus bölməsi şagirdlərinin Azərbaycan dilinə münasibəti dəyişməli və bu dilə olan maraq artırılmalıdır:
"Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının doğma dildə tədrisi milli dövlətçiliyimizin və dilimizin inkişafına xidmət edir. Bu baxımdan bəzi fənlərin Azərbaycan dilində tədrisini müsbət və vacib bir addım kimi qiymətləndirirəm", - deyə o, fikrini tamamlayıb.
Siyasi şərhçi Azər Həsrət isə Sherg.az-a açıqlamasında bildirib ki, valideynlərin iradları heç bir halda əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının hər bir vətəndaşı, uşaqları da daxil olmaqla, dövlət dilini mənimsəmək borcuna malikdir:
“Dövlət dili təkcə bir ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin və tariximizin daşıyıcısıdır.
Mənim uşağım rus bölməsində oxuyur, Azərbaycan dilindəki dərslikləri başa düşmür” kimi iddialar tamamilə absurddur. Belə bir dünya yoxdur! Dövlət, valideynlərin xahişinə görə özünün dövlət dili təhsilini dayandırmır və hələ ki, rus bölməsini kökündən ləğv etmir – amma bu, tədricən həyata keçiriləcək bir prosesdir. Dövlət dilini bilməyən, tarixini və ədəbiyyatını öyrənməyən vətəndaş heç bir zaman millətinə və dövlətinə bağlı ola bilməz; əksinə, onlar manqurtlaşmış vətəndaşlar kimi tarix qarşısında məsuliyyətsiz qalırlar.
Xatırlayıram, ötən il bir valideyn məhz bu səbəbdən Təhsil Nazirliyini məhkəməyə vermişdi. Öz dövlətinə qarşı belə bir mövqe manqurtluğun ən yüksək səviyyəsidir. Heç bir vətəndaş öz dövlətini “Niyə övladıma dövlət dilində dərs verirsiniz?” deyə məhkəməyə verə bilməz. Bu, yalnız şəxsi rahatlığını dövlət və milli maraqlardan üstün tutmaqdır və nəticədə uşaq da milli kimliyindən uzaqlaşır”.
Rus bölməsinin keçmiş sovet imperiyasının və rus işğalının “miras”ı olduğunu vurğulayan A.Həsrət bu problemin Azərbaycan üçün tarixi və siyasi yük olduğunu deyib:
“Dövlət bu prosesi ağılla, tələsmədən və hətta rusdillilərə müəyyən güzəştlər edərək tədricən aradan qaldırır. Amma buna baxmayaraq, bəzi valideynlər dövlətin məntiqli və uzunmüddətli siyasətini qınayır. Hesab edirəm ki, Azərbaycan dövləti bu mərhələni daha sərt və qətiyyətli şəkildə tamamlamalıdır. Artıq onların nazı ilə oynamamalıyıq. Azərbaycan müstəqil dövlətdir. Mənim dövlətimdə heç bir xarici dil hegemon ola bilməz, xüsusilə də o dövlət işğalçı və yüzillər boyu torpaqlarımızı, sərvətlərimizi talayan, xalqımızı soyqırıma məruz qoyan bir ölkənin dilidirsə. Dövlət dili və milli təhsil sistemi milli varlığımızın qoruyucusudur. Niyə biz belə bir dilin yaşamasına xidmət etməliyik? Hər bir vətəndaş, hər bir valideyn bunu başa düşməli və dövlətin milli maraqlarını uşaq təhsilindən üstün tutmalıdır”.