Ermənistanda gələn il keçirilməsi gözlənilən referendum və seçki ərəfəsində revanşistlər yenidən aktivləşiblər. Belə ki, son günlər erməni müxalifəti yenidən etirazlara start verəcəklərini bəyan edib. Bu əsasda Paşinyanı devirməklə bağlı çağırışlar da səslənir.
Müxalifət küçə aksiyalarına başlamaq ərəfəsindədir.
Bunu “Ermənistan” blokundan olan deputat Levon Köçəryan “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə məhkəmənin keçirildiyi məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində deyib. Eks-prezident Robert Köçəryanın oğlunun sözlərinə görə, “Ermənistan” bloku mümkün seçkilərdən danışsa da, küçə aksiyalarını da unutmur.
Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, revanşist görüşləri ilə tanınan ekspert Vahe Ovanisyan da sosial şəbəkədəki açıqlamasında cəmiyyəti Paşinyanı devirməyə çağırıb.
Belə görünür ki, erməni müxalifəti seçkilər ərəfəsində qüvvələrini birləşdirərək, küçə aksiyalarına start verib, Paşinyana qalib gəlməyi düşünür.
Onlarınn bu canfəşanlığı görəsən nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, erməni revanşistləri nə qədər çabasalar da, heç bir hədəflərinə çata bilməyəcək:
“Son günlər Ermənisanda revanşistlərin yenidən aktivləşdiyi və canfəşanlıqlarının artdığını müşahidə etməkdəyik. Söhbət ondan gedir ki, 2026-cı ilin ortalarında Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu ərəfədə müxalifətin əsas hədəf və məqsədi isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaqdır. Son dövrlər Paşinyanın reytinqi də müəyyən qədər azalıb.
Lakin Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti revanşistlərdən uzaqdır.
Çünki alnayırlar ki, Ermənistan güclü Azərbaycanla müharibə edə bilməz. Buna gedərsə, Ermənistan ciddi problemlərlə üz-üzə qalacaq. Ona görə də Ermənistanda artıq proseslərin fərqli məcrada inkişaf etdiyini görürük. Revanşistlər, “Qarabağ klanı” nə qədər çalışsa da, ətraflarına çoxsaylı insanları toplaya bilmirlər. Bu da aqressivliyi daha da artırır”.
Deputat hesab edir ki, Paşinyan çətinliklərə, revanşistlərin hay-küy qaldırmasına rəğmən seçkiləri bu dəfə də uğurla başa vuracaq:
“Ardınca Ermənistan konstitusiyasına dəyişiklik ediləcək və regiona sülh gələcək. Revanşistlərin, separatçıların arzuları ürəklərində qalacaq, onlar heç bir hədəflərinə nail ola bilməyəcəklər”.