Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi onları döyən, təhqir edən, pilləkəndən atan dekan müavinin cəzasız qaldığını bildirir. Universitetdə ədalət tapa bilməyən tələbələr çıxış yolunu “Gündəlik Naxçıvan” vasitəsi ilə ictimaiyyətə müraciət etməkdə görürlər.
Tələbələr bildirirlər ki, rəhbərlik dekan müavinini cəzalandırmaq yerinə, onları bu əməllər qarşısında müdafiə edən müəllimi işdən qovub.
Tələbələrin qrup şəklində təhqir olunduğu və zorakılığa məruz qaldığı gün müəllim Aysel Quliyeva vəziyyətin çıxılmaz olduğunu görüb, hadisə yerinə polis çağırıb. Bundan qəzəblənən rəhbərlik isə onu işdən qovmaqla cəzalandırıb.
Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin birinci kurs tələbələri olan zərərçəkənlər öz bəyanatlarında dekan müavinin cəzalandırılmasını, onları müdafiə edən müəllimin işə bərpa olunmasını tələb edirlər:
“Biz, Naxçıvan Dövlət Universitetinin tələbələri olaraq, uzun müddətdir şahidi olduğumuz haqsızlıqlara və zorakı davranışlara artıq sükutla yanaşa bilmirik. Səsimizi yüksəltmək, həm özümüzü, həm də bizə sahib çıxan müəllimimiz Aysel Quliyevanı müdafiə etməyi özümüzə borc sayırıq.
8 may 2025-ci il tarixində biz tələbələr müəllimimizin təşəbbüsü ilə “sosial” adlanan, tələbələrin bir araya gələrək ünsiyyət qurması üçün ayrılmış məkanda toplandıq. Müəllimimiz bizim üçün evdə bişirdiyi kekslərlə çay gətirmiş, məqsəd isə dostyana bir mühitdə həm sosiallaşma, həm də sərbəst işlərimizin müzakirəsi idi.
Lakin, həmin gün dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu. O, müəllimimiz və bizi alçaldaraq, təhqir etməyə başladı. Abbas Əhmədov bununla sakitləşməyib, hadisə zamanı dövlətə məxsus qapı və partaları təpikləyib, qırdı, ziyan vurdu. Müəllimimiz və bəzi tələbələr xəsarət almaqdan son anda qurtardı.
Hadisə yerinə çağrılan polis, Abbas müəllimin etdiyi zorakılığa görə cəzalandıracağını bildirdi. Lakin, 3 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Onun tərəfini saxlayan universitet rəhbərliyi də indiyə kimi heç bir tədbir görməyib.
Bunun yerinə, hadisəyə etiraz etdiyinə, bizi müdafiə etdiyinə görə müəllimimiz Aysel Quliyeva ədalətsiz şəkildə işdən qovuldu. Onun „günahı“ bizi və özünü azğınlaşmış müvindən qorumaq üçün hadisə yerinə polis çağırması olub.
Bu, ilk hadisə deyil. Abbas Əhmədov tərəfindən uzun müddətdir tələbələrə və müəllimlərə qarşı zorakı və qeyri-etik davranışlar sərgilənir. Dekan müavinin bu il törətdiyi zorakılıqların bəzisi:
-Bir tələbəni amansızca döyərək, qulağının zərini partladıb.
-Pilləkəndən itələdiyi xarici bir tələbə ağır xəsarət alıb.
-Dəfələrlə tələbələri və müəllimləri təhqir edibb, psixoloji təzyiq göstərib.
Biz tələbələr müəllimimiz Azsel Quliyevanın işinə bərpa olunmasını və zorakı, aqressiv dekan müavinin isə işdən qovulmasını tələb etməklə bildiririk:
-Təhsil hüququmuz zorakı idarəçiliklə deyil, azad öyrənmə mühiti ilə təmin olunmalıdır.
-Müəllimlərimiz bizə sahib çıxdığı üçün cəzalandırılmamalıdır.
Dövlət malına ziyan vuran, tələbə və müəllim arasında inamı dağıdan, zorakılığı haqlı çıxaran bu cür davranışlar qəbuledilməzdir.
Biz yerli və beynəlxalq ictimaiyyəti, təhsil qurumlarını və insan haqları təşkilatlarını bu məsələyə diqqət yetirməyə çağırırıq. Naxçıvan Dövlət Universiteti tələbələri olaraq, biz zorakılığa qarşı susmayacağıq. Bizim səsimiz susdurulsa belə, ədalət axtarışımız davam edəcək”.
Bundan öncə isə, bir qrup qız tələbə Universitetin Fizika və Riyaziyyat fakültəsi dekanının qiymət qarşılığında onlara cinsi əlaqədə olmaq təklifi etdiyini bildirirdilər.