Bir ay sonra - dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasının 1 ili tamam olacaq. Qəza nəticəsində 67 nəfərlik heyətin (62 sərnişin və 5 ekipaj üzvü) 38 nəfəri həlak olub. Təəssüf ki, Rusiya tərəfi uzun müddət faciə ilə bağlı qeyri-adekvat, təkəbbürlü mövqe sərgilədiyi üçün iki ölkə arasında münasibətlər az qala ən aşağı səviyyəyə düşmüşdü. Söhbət sərnişinlərə və təyyarəyə görə kompensasiyaların ödənilməsindən, rəsmi üzr istənilməsi və günahkarların cəzalandırılması kimi Bakının haqlı tələblərindən gedir.
Nəhayət, ötən ay Düşənbədə uzun fasilədən sonra Prezident İlham Əliyevlə görüşdə Putin faciəyə görə üzr istədi və digər tələblərin də yerinə yetirilməsi üçün tədbirlər görəcəyini anons etdi.
Ötən həftə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib. O, daha sonra məlumat verib ki, faciənin bütün səbəb və şəraitinin müəyyən edilməsi üçün kompleks istintaq tədbirləri artıq başa çatıb: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Qazaxıstanın vitse-prezidenti, Aktau yaxınlığında AZAL-a məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının istintaqını aparan dövlət komissiyasının rəhbəri Kanat Bozumbayev isə bildirib ki, istintaqın nəticələri Yeni ildən sonra açıqlana bilər.
Bəs ilin sonunadək bunun şahidi ola biləcəyikmi? Adları da məlum olan günahkarlar həbs olunacaqmı? Hazırda istintaq nə yerdədir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya lideri Düşənbədə verdiyi sözü tutmalıdır. Onun sözlərinə görə, təyyarəni vuranların cəzalandırılması və kompensasiya ödənişi yerinə yetirməli olan iki əsas tələbdir: “Vladimir Putin də Düşənbə görüşündə hər iki vədi verdi. Rusiya ilin sonuna qədər istintaqı yekunlaşdırmağa söz verib. Halbuki istintaq artıq yekunlaşmalıdır. Çünki hər şey aydındır, son bir ay ərzində yeni hansı detal ola bilər ki?! Üstəlik, Rusiya prezidenti Düşənbə görüşündə raketin qəlpələrinin təyyarəyə dəydiyini təsdiq edib. Deməli, nəyisə yenidən sübut etməyə ehtiyac yoxdur”.
Hüquq müdafiəçisi bildirdi ki, Rusiya lideri vədini yerinə yetirməsə, ilk növbədə öz sözünün üstündə durmayan biri kimi yadda qalacaq: “Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək. Hazırda əlaqələr normallaşmış kimi görünür. Lakin hər şey Rusiyanın davranışından asılıdır. Əgər vurulan təyyarə ilə bağlı iki tələb yerinə yetirilməsə, münasibətlər gərginləşə bilər. Bunun isə Rusiyaya lazım olduğunu düşünmürəm. Hər halda, Putin istəməz ki, verdiyi sözü tutmayan biri kimi qəbul olunsun. Çünki bu məsələ prezidentlər səviyyəsində müzakirə olunub və ictimaiyyətin gözü qarşısında bəyan edib. O baxımdan, ilin sonuna yaxın Rusiya İstintaq Komitəsinin son qərarının açıqlanacağı gözləntisi var”.
Hərbi ekspert Ramil Məmmədli vurğuladı ki, Rusiya “Pantsir - S 1" hava hücumundan müdafiə sistemi ilə atəş açıb və nəticədə mülki təyyarəmiz vurulub: "İstintaq bunu tezliklə müəyyən edə bilərdi. Bir il araşdırma aparılmasına ehtiyac yox idi. Burada Rusiya Müdafiə Nazirliyinə tabe olan hərbi qulluqçuların törətdiyi cinayətdən söhbət gedir. Əgər deyildiyi kimi, həmin gün Ukrayna dronunu zərərsizləşdirmək məqsədilə səhvən təyyarəmiz vurulubsa, bunu edənlərin kimliyini müəyyənləşdirmək də çətin olmamalıdır. Çünki PUA hücumlarının qarşısının alınması hansı hərbçiyə həvalə olunursa, əvvəlcədən məlumdur. Ona görə həmin hərbçiləri məsuliyyətə cəlb etmək mümkündür. Amma hələ də Rusiya İstintaq Komitəsi bu yöndə addım atmayıb. Hətta prezident Putin də təsdiqlədi ki, raketin qəlpələri təyyarəyə dəyib. O zaman bu səhvi kim edib niyə araşdırılmır?"
Hərbi təhlilçi Rusiyanın bütün hallarda ilin sonuna qədər müəyyən addımlar atacağını gözləyir: “Çünki bunun əksi münasibətlərin yenidən korlanması deməkdir. Sadəcə, Rusiya gələn ilin əvvəli ilə bağlı vəd verir. Bu da məsələni uzatmağa hesablana bilər. Azərbaycan Rusiya prezidentinin Düşənbədə dediklərini yada salmalıdır və tələblərini təkrarlamalıdır”.
Yada salaq ki, "Minval Politika" 2024-cü il dekabrın 25-də baş vermiş faciənin dəqiq xronologiyasını ilk dəfə yayımlayıb. Materialda hadisəyə birbaşa cavabdeh olan Rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Aleksandr Tolopilonun əmrindən tutmuş, texniki nasazlıqlar və sonradan aparılan ört-basdır əməliyyatların detalları təqdim olunur.
General-mayor Tolopilo sonradan obyektiv nəzarət materiallarını saxtalaşdırmağa cəhd edib. O, raketlərin guya öz-özünə partladığını və təyyarəyə toxunmadığını bildirib. Eyni zamanda radar sistemindəki nasazlıqlar və “Pantsir-S” kompleksinin texniki problemləri barədə məlumatları gizlədib. Hadisənin səbəblərinin ciddi şəkildə araşdırılması əvəzinə, Tolopilo məsuliyyətdən yayınaraq Rusiya Hərbi Hava Qüvvələrinin Şərq Hərbi Dairəsində yeni vəzifəyə - 11-ci orduya komandir müavini təyin edilib.









