Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bununla bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Yalnız Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasınbın sədri Andranik Köçəryan ölkə üçün zəruri olan aktual məsələlərin müzakirtə olunduğunu deməklə kifayətlənib.
Lakin Təhlükəsizlik Şurasının iclası ilə bağlı diqqəti çəkən mühüm məqamlardan biri müdafiə naziri Suren Papikyanın müzakirələrdə iştirakı və bundan sonra verdiyi açıqlamalar olub.
Suren Papikyan jurnalistlərə açıqlamasında son illər Ermənistan ərazilərinin Azərbaycanın nəzarəti altına keçdiyini və Ermənistanın suveren ərazilərini bərpa etməyin mümkün olduğunu deyib. Qeyd edək ki, rəsmi İrəvan 2021-ci ilin may ayından sonra və 2022-ci ilin sentyabr ayında Ermənistana məxsus bir sıra ərazilərin guya Azərbaycan Ordusnunun nəzarətinə keçdiyini iddia edir.
Söhbət Kəlbəcər rayonunun Buğdadağ yüksəkliyi, Bala Göyçə gölü, Birinci və İkinci İşıqlı yüksəklikləri, Qaragöl gölü, Laçın rayonunun İstisu (Cermux) rayonu ilə sərhədindəki bir sıra ərazilərdən gedir. Həmin torpaqlar Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğal edilsə də, sonradan azad olunub. Eyni zamanda, Ermənistan BMT-yə daxil olan zaman sözügedən ərazilər Ermənistanın yurisdiksiyasına aid olmayıb.
Azərbaycan və Ermənistan arasında sərhdələrin delimitasiyası və demarkasiyası başa çatmadığından, sözügedən ərazilərə iddia irəli sürmək qanunsuzdur. Ermənistan mediası bu məsələnin üzərində xüsusi dayanmaqla və sualı birbaşa müdafiə nazirinə ünvanlamaqla dolayısı ilə Azərbaycana qarşı müharibə izləri axtarmağa çalışıb.
Suren Papikyanın şərti sərhəddə yerləşən torpaqları Ermənistanın suveren ərazisi adlandırması hüquqa zidd olsa da, onun “Mən belə bir imkanı sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işi vasitəsilə görürəm” deməsi Azərbaycanla müharibə ritorikasında danışmağın nə qədər təhlükəli olmasını nəzərə aldığını göstərir.
Bu kontekstdə müdafiə nazirinin Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlamasına münasibəti maraq doğrurur. Qeyd edək ki, Alen Simonyan bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində təxminən 110 km ərazidə yerləşdirildiyini bildirib.
Jurnalistlər Ermənistanın müdafiə nazirindən söhbətin konkret hansı ərazilərdən getməsi barədə məlumata malik olub-olmadığını soruşublar.
“Gəlin, bu məsələni Sərhəd Delimitasiyası və Demarkasiyası Komissiyasının öhdəsinə buraxaq. İndi isə komissiyanın nəyin üzərində işləməli olduğu barədə danışaq... Əgər parlamentin sədri bir rəqəmi deyibsə, bu, onun kifayət qədər əsası olduğunu göstərir”, - deyə Papikyan bildirib.
Müdafiə nazirinin açıqlamaları Təhlükəsizlik Şurasının iclasında sərhədlərin delimitasiyası, Azərbaycanın işğal altındakı anklav kəndlərinin qaytarılması və Ermənistanın şərti sərhəddə iddia etdiyi ərazilərlə bağlı məsələlərin müzakirə olunduğunu deməyə əsas verir.
Ona görə də rəsmi İrəvan yaxın vaxtlarda sərhədlərin delimitsaiyası və demarkasiyası komissiyalarının iclası çərçivəsində işğal altındakı yaşayış məntəqələrinin Azərbaycana qaytarılması müqabilində iddia etdiyi ərazilərin Ermənistana verilməsini təklif edə bilər. Lakin Azərbaycan Ermənistanın işğal etdiyi 4 anklav kənd üzərində 1949-cu il Cenevrə Konvensiyasına əsasən suveren hüquqlara malikdir. Yəmin həmin kəndlər Azərbaycanın suveren əraziləridir.
Çox güman ki, Alenm Simonyan da məhz bu faktı nəzərdə tutub. Ortada işğal faktı olduğuna görə Ermənistan həmin yaşayış məntəqələrini qeyd-şərtsiz tərk etməlidir. Ermənistanın isə iddia etdiyi torpaqlar üzərində yurisdiksiyası yoxdur.
Bu baxımdan, ərazi mübadiləsindən söhbət gedə bilməz. Anklav kəndlər Azərbaycana qaytarıldıqdan sonra digər ərazilərlə bağlı məsələ 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Sovet dövrünə aid razılaşdırılmış xəritələr əsasında öz həllini tapa bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”










