"Zəngəzur dəhlizində dəmiryol xəttinin bərpası məsələsində Ermənistanın ABŞ ilə danışıqlara başlaması prosesin uzanmasına gətirib çıxara bilər".
Bu barədə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildiri ki, halbuki 42 kilometrlik dəmiryol xəttinin çəkilməsi texniki baxımdan mürəkkəb proses deyil: "Uzun illər bu ərazidə dəmiryol infrastrukturu mövcud olub. Həmin xətt Azərbaycanın mülkiyyətində idi. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan infrastrukturu söksə də, bu gün onun yenidən bərpası üçün zəruri texniki baza və resurslar mövcuddur. Azərbaycan artıq öz ərazisində, Ermənistanla sərhədə qədər olan dəmiryol xəttini bərpa edib. Zəngəzurda 42 kilometrlik hissənin də Azərbaycan tərəfindən 6 ay ərzində yenidən qurulması tam mümkündür. Bunun üçün ölkənin həm maliyyə, həm texniki, həm də logistik imkanları kifayət qədərdir. Əgər Ermənistan bu məsələdə ABŞ ilə yox, Azərbaycanla birbaşa danışıqlara getsə, dəhlizin reallaşması prosesi daha qısa müddətdə başa çata bilər. Lakin ABŞ-nin prosesə cəlb olunması bu layihənin ən azı iki ilə qədər uzanmasına səbəb olar. Azərbaycan Ermənistan tərəfinə dəmiryolunun birgə bərpası təklifini irəli sürə və regionda kommunikasiya əlaqələrinin açılmasına mühüm töhfə verə bilər".










