Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan qalmaqallı video yayımlayıb. Karapetyan videoda ABŞ xüsusi xidmət orqanlarının hələ 1999-cu ildə Nikol Paşinyanı necə əməkdaşlığa cəlb etdiyi barədə danışıb. O, iddiasını əlində olan yazılı sübutlarla əsaslandıra biləcəyini qeyd edib.
Modern.az-ın məlumatına görə, Arşak Karapetyan Nikol Paşinyanın Amerikanın agenti adlandırıb.
“Əgər kimsə bir neçə dövlət tərəfindən təsir agenti hesab edilən şəxsin kim olduğunu bilmək istəyirsə, deyim ki, bu, ölkəmizin lideridir”, - deyə Arşak Karapetyan bildirib.
“Əgər belə deyilsə, qoy Ararat Mirzoyanın necə xarici işlər naziri təyin olunduğunu izah etsin. Qoy desin ki, niyə Armen Gevorqyanı yox, Ararat Mirzoyanı təyin edib. Qoy desin ki, görək kimin təsiri altında olub. Deyirlər: suveren hökumət, suveren hökumət. O vaxt da, indi də suveren hökumət yox idi. Qoy mahnı oxumasınlar”, - Karapetyan vurğulayıb.
Arşak Karapetyan 14 avqust 2020-ci ildə baş nazir Nikol Paşinyana müharibənin yaxınlaşdığı barədə xəbərdarlıq etdiyini söyləyib.
Eks-nazirin sözlərinə görə, N.Paşinyan 1999-cu ildə qəzet redaktoru olduğu dövrdə ABŞ-ın kəşfiyyat agentliyi tərəfindən əməkdaşlığa cəlb edilib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatının hesabatında Paşinyanın insani standartlarının aşağı olduğu, eqoist, xəsis, psixoloji cəhətdən qeyri-sabit biri olduğu yazılıb və sonda onun ehtiyac duyulan şəxs olduğu qənaətinə gəlinib. O, həmçinin qeyd edib ki, Paşinyan gizli məlumat vermək müqabilində ABŞ hökumətindən pul alıb.










