Son günlər qırmızı ətin qiymətində 1-3 manat arası ucuzlaşma müşahidə olunur. Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu vəziyyəti dabaq xəstəliyi və xaricdən idxal edilən ətin artması ilə əlaqələndirib. O bildirib ki, satış həcmlərinin azalması yerli istehsalçıların müflisləşməsi, ət bazarının yeni oyunçuların nəzarətinə keçməsi və ölkənin xarici bazarlardan asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər.
Ət bazarında hansı oyunlar gedir? Sadalanan proseslərin reallığa çevrilmə ehtimalı varmı?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, hazırda xaricdən ət idxalı artdığı üçün bazarda qiymətlər enir:
“Bununla yanaşı, yerli məhsulların bazara çıxışı müxtəlif səbəblərdən, o cümlədən dabaq xəstəliyinin yayılması ilə əlaqədar məhdudlaşıb. Dabaq yoluxucu xəstəlikdir. Bəzi regionlara səfərlərim zamanı bu problemin mövcud olduğunu müşahidə etmişəm. Fermerlər ciddi zərərə uğrayır, bəziləri isə bir illik zəhmətlərinin boşa getdiyini bildirir. Belə vəziyyətdə dövlətin müəyyən mexanizmlər tətbiq etməyi vacibdir. İqtisadiyyatda “yırtıcı qiymət siyasəti” adlandırılan prosesin qarşısının alınması, yerli istehsalçıların sıxışdırılmaması üçün hökumət ciddi addımlar atmalıdır. Əks halda, fermerlərin bazara çıxışı məhdudlaşa və nəticədə onların bir qismi müflisləşə bilər”.
İqtisadçı qeyd edib ki, sözügedən problem yalnız ət bazarını deyil, eyni zamanda süd və digər heyvandarlıq məhsulları sektorunu da əhatə edir:
“Yem və qida təminatında maliyyə çətinlikləri yarandıqda bu, sahənin ümumi tənəzzülünə səbəb ola bilər. Beynəlxalq təcrübədə belə hallarda dövlət dəstəyi mühüm rol oynayır. Fermerlərin fəaliyyətini qorumaq üçün sığorta mexanizmləri tətbiq olunur, subsidiyalar ayrılır, maarifləndirmə tədbirləri həyata keçirilir. Azərbaycanda da Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər müvafiq qurumlar bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməlidir. Məqsəd yerli bazarın dağılmasının, əsas istehsalçıların sıradan çıxmasının və bazara süni şəkildə yeni oyunçuların daxil edilməsinin qarşısını almaqdır.
Onsuz da bu sahədə müəyyən tənəzzül müşahidə olunurdu: iri buynuzlu heyvanların sayı azalır, qiymətlər davamlı artırdı. Hazırkı ucuzlaşma isə simulyativ xarakter daşıya bilər, çünki əhalinin əksəriyyəti quş və balıq ətinə üstünlük verir, restoranlarda yeməkdən çəkinirlər. Növbəti mərhələdə restoran və iaşə obyektlərində də müəyyən çətinliklər yarana bilər, buna görə kompleks tədbirlərin görülməsi zəruridir”.









