Ötən gün Azərbaycandan havaya qalxdıqdan sonra Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi ilə bağlı yeni detallar məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, qəzaya uğrayan “C-130” hərbi təyyarəsinin quyruq nömrəsi 68-1609-dur.
Təyyarə daha öncə 1968-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən alınaraq bu ölkənin Silahlı Qüvvələrinin sərəncamına verilib.
Həmin vaxt təyyarənin quyruq nömrəsi 1609 olaraq qeyd edlib.
2010-ci ildə isə sözügedən təyyarə Türkiyə tərəfindən satın alınıb. Qəzaya uğrayan təyyarə daha öncə Qazaxıstanın Çimkənd, Şotlandiyanın Qlazqo, Xorvatiyanın Zaqreb, Maltanın Luqa, Çexiyanın Ostrava şəhərlərinə də uçuş edib.
Təyyarənin yaşı 56,9-dur.
Maraq üçün onu da bildirək ki, Krallıq ABŞ-dən kənarda ən böyük “C-130” donanmasına ev sahibliyi edir. Səudiyyə Ərəbistanı ilk “C-130”u 1965-ci ilə əldə edib. Hazırda Krallığın “Hercules” donanması 65 təyyarədən ibarətdir.
Türkiyə 2012-ci ildə Səudiyyə Ərəbistanından 6 ədəd ikinci əl “E” versiyalı təyyarə alıb. Məlumata görə, Ankara altı təyyarənin alınması və modernləşdirilməsi üçün həmin vaxt 100 milyon dollar ödəyib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə son olaraq 2020-ci ildə əsaslı təmir olunub. Artıq qara qutusu tapılan təyyarənin qəzaya uğradığı ərazidə aparılan ilkin müşahidələr göstərir ki, “hava gəmisi”nin korpusunda hər hansı kənar təsir və partlayış izi yoxdur. Bu səbəbdən mütəxəssislər daha çox təyyarənin uzun müddət istismarda olması və bu səbəbdən onun korpusunda korroziya yaranması ehtimalı üzərində dayanırlar. Təbii ki, ən dəqiqini tapılan qara qutu deyəcək.
Onu da əlavə edək ki, sözügedən təyyarə Kayseri 12-ci Hava Nəqliyyatı Baza Komandanlığının sərəncamında olub. Ötən il bu bazaya aid “C-160” təyyarəsi təlim üçün havaya qalxarkən texniki nasazlıq yaranmış, bu səbəbdən təcili eniş etmişdi. Təyyarənin texniki nasazlıq baş verən zaman yaşayış binalarına və magistral yola yaxın uçması həyəcanlı anlara səbəb olmuşdu.









