“Təəssüf ki, dünyanın bütün ölkələrində zaman-zaman təyyarə qəzaları baş verir. ABŞ-da, Avropada və Rusiyada da bu kimi hadisələr tez-tez yaşanır. Lakin Gürcüstan səmasında baş verən son qəza Türkiyəyə məxsus hərbi təyyarə ilə bağlı olduğundan, məsələyə daha ciddi yanaşılır və daha böyük məsuliyyət tələb olunur”.
Bunu “Reytinq” qəzetinə müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycandan Türkiyəyə yola düşən təyyarənin Gürcüstan ərazisində qəzaya uğraması barədə danışarkən deyib.
S. Cəlaloğlunun sözlərinə görə, təyyarənin hansı səbəbdən qəzaya uğraması barədə dəqiq fikir yalnız ekspertizadan sonra deyilə bilər:
“Hazırda səsləndirilən bütün fikirlər ehtimallardan ibarətdir. Təyyarənin hər hansı güc tərəfindən vurulması iddiaları da son dövrlərdə baş verən hadisələrlə əlaqələndirilir. Bundan əvvəl Azərbaycanın sərnişin təyyarəsi Rusiya ərazisində vurulmuşdu. Bu fakt bir çoxlarının Türkiyə hərbi təyyarəsinin də Azərbaycan-Türkiyə qardaşlığını istəməyən qüvvələr tərəfindən hədəfə alındığını düşünməsinə səbəb olur”.
Partiya sədri əlavə edib ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində MHP sədri Dövlət Bağçalı bəzi güclərin Türkiyə-Azərbaycan müttəfiqliyini həzm edə bilmədiyini demişdi:
“Bu açıqlamadan sonra baş verən hadisə müəyyən suallar doğurur. Eyni zamanda, texniki nasazlıq ehtimalı da istisna edilmir. Ola bilər ki, təyyarəyə vurulan yük düzgün qablaşdırılmayıb və ya texniki problem yaranıb. Ekipaj səhvinin olmasını inandırıcı saymıram, çünki söhbət hərbçilərdən və yüksək intizamdan gedir. Buna görə də, daha çox texniki nasazlıq və ya təxribat ehtimalları ön plandadır. Lakin bütün bunlara yalnız təyyarənin hissələri araşdırıldıqdan sonra dəqiq cavab vermək mümkündür”.
S. Cəlaloğlu xatırladıb ki, Azərbaycan təyyarəsinin vurulma faktı da məhz onun qalıqlarının təhlili nəticəsində müəyyənləşdirilmişdi:
“Hadisəyə kənardan baxıb tələsik nəticə çıxarmaq olmaz. Məlum olub ki, təyyarənin quyruq hissəsi havada qopub. Bu, bir sıra suallar doğurur: qablaşdırma zamanı səhv olubmu? Təyyarə nə daşıyırmış - ağır texnikanı, yoxsa ehtiyat hissələrini? Ola bilər ki, yükün çəkisi və yerləşdirilməsi səbəbindən tarazlıq pozulub və nəticədə quyruq hissə qopub. Görüntülər göstərir ki, təyyarənin bir hissəsi bir tərəfə, digər hissəsi başqa istiqamətə düşüb. Bu isə göydə partlayış deyil, parçalanma olduğunu göstərir. Əgər təyyarə vurulsaydı, bu, dərhal bilinərdi. Mənim ehtimalıma görə, təyyarənin parçalanması daxili texniki problem səbəbindən baş verib. Ancaq son və dəqiq nəticəni yalnız aviasiya ekspertizası müəyyən edə bilər”.
ADP sədri hadisədən dərin kədər hissi keçirdiyini bildirərək, həlak olan hərbçilərin ailələrinə başsağlığı verib:
“Bu qardaşlarımız Azərbaycana Qələbə paradında iştirak etmək üçün gəlmişdilər. Onlar faktiki olaraq Azərbaycanın şəhidləri sayılmalıdır. Bu hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir. Əlbəttə, çox ağrılı və həm Türkiyə, həm də Azərbaycan üçün ağır bir hadisədir. Hadisə ciddi şəkildə araşdırılmalı, əgər kənar müdaxilə faktı təsdiqlənsə, ən sərt tədbirlər görülməlidir.”









