Çökməsi Talıbovla başlayan, Fuad Nəcəfli ilə sürətlənən Naxçıvanın Cəlilovla taleyi necə olacaq?
Naxçıvanda kadr dəyişikliyi baş verdi. Fuad Nəcəfli səlahiyyətli nümayəndə kimi vəzifəsindən azad edildi, yerinə isə Naxçıvanın Baş naziri Ceyhun Cəlilov gətirildi. Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi, idarəetmə sistemini dəyişmədən köklü dəyişiklərin olmasını ehtimal etmirəm. Amma, hesab edirəm ki, iş görmək, dövlətinə, millətinə xidmət etmək üçün xarakterin, bacarığın, ürəkli olmağın, insanları sevməyin böyük əhəmiyyəti var. Allahın lütfüdür ki, bir insana millətinə, dövlətinə xidmət etmək üçün bu qədər şans verir. Bu bir imtahandır. Çoxlarına şans verilsə də, verilən şansdan üzü ağ çıxa bilməyib. Bir neçə ildə bir neçə yüksək vəzifə tutan Ceyhun Cəlilovla bağlı da hələlik çox da müsbət rəylər deyilməyib. Hər halda hansısa xidmətlərinə görə, yenidən daha yüksək vəzifəyə təyin edildi. Daha çox söz sahibi oldu. Cəlilov bu şansdan yararlana biləcəkmi?
Bu arada bir xatırlatma məncə yerinə düşər. Naxçıvanın 2003-2013-cü illərdə Kənd Təsərrüfatı naziri Məmməd Abbasov olub. Talıbovlar rejimi nə qədər sərt olmasına, asıb-kəsməsinə baxmayaraq Məmməd müəllim tam fərqli bir davranış göstərirdi. Jurnalistlər üçün, fermerlər üçün, şikayətçilər üçün həmişə əl çatan idi. Çox demokrat insan kimi tanıyıram. Bacardığı qədər hər kəsə kömək etmək istəyirdi. 2005-ci ildə ANS TV-də işləyərkən yeganə nazir o oldu ki, qəbuluna düşə bildim. Səmimi qarşıladı, çaya qonaq etdi və işçilərə reportaj hazılamağıma kömək etməyi tapşırdı. Halbuki, Talıbovun nazirləri və məmurları həmin ərəfədə jurnalist görəndə “sanki analarının oynaşını” görürdülər. Xüsusi qruplarla hücum təşkil edir, fiziki təzyiq göstərir, təhqir edir, alçaldır, avadanlıqları qırırdılar.
Müsbət xüsusiyyətlərinə, demokratik düşüncəsinə, insani davranışları Talıbovların xoşuna gəlmirdi. O da bildiyim qədər öz işlərindən geri qalmırdı. Səhv etmirəmsə, bu səbəbdən 2013-cü ildə Məmməd müəllimi da, Sədərəkdə icra başçısı olan qardaşını da vəzifədən uzaqlaşdırdılar. Məsələni uzatmaqdan qayıdaq Fuada.
Fuad Nəcəfli Naxçıvanda vəzifəyə gətiriləndən sonra Talıbovdan sonrakı dövrdə daha yaxşı olacağına ümid edən naxçıvanlıların çox keçmədən ümidləri qırıldı. İş yerlərinin çoxu bağlandı. Əxlaqsızlıq yuvalarının sayı yağışdan sonra çıxan göbələklər kimi artdı. Naxçıvanın boşalması daha da sürətləndi. Qeyd edim ki, Talıbovun zamanında- 30 il ərzində Naxçıvanı nə qədər adam tərk etmişdisə, Fuadın üç illik idarəçiliyi dövründə də bir o qədər də tərk etdilər. Artan bir kreditə götürülən avtomobillərin, qəzaların, qəzada ölən insanların, əxlaqsızlıq üçün gələn və gətirilən 18+ların sayı oldu. Restoranların, kafelərin, şadlıq saraylarının çoxu dəyişib bar və Publar oldu. Bu arada Nəzərabad kəndində çayının yaxınlığındakı 2-3 mərtəbəli saunanı unutmaq günah olar.
Milli, mənəvi dəyərlərdən ümumiyyətlə danışmağlna belə dəyməz. Bir neçə ilin içərisində Fuad və komandası bunu çox məharətlə bacara bildi.
Mərkəzdə və digər bölgələrdə nə qədər əclaf, başkəsən, rüşvətxor, xalqı incidən məmur varsa hamısını Naxçıvana vəzifəyə gətirdilər. Talıbovların taladıqlarını ala bildikcə aldılar, gözlər doymadı harada münbit torpaqlar var, harada kafe, çayxana üçün münbit yer var hamısını ələ keçirdilər və satdılar.
Deyilənə görə, Şıxmahmud meşəsindəki təmtəraqlı restoran elə bu gün vəzifəsindən uzaqlaşdırılan Fuad Nəcəfli müəllimindir. Girib, baxıb, yemədən yeyib-içmədən getmək belə 10-15 manat başa gəlir. Tikintisində, qazanmasında və digər məsələlərdə dövlətin resurslarından istifadə edilib.
Fuad gəldikdən sonra təhsil sahəsində vəziyyət daha da ağırlaşdı, səhiyyədə böhranlı vəziyyət hər gün bir az da gərginləşir. Naxçıvanda səhiyyə yoxdur demək daha doğru olar.
Uzatmaq istəmirəm. Bəzi mövzulara bağlı sonra danışacağıq.
Hələlik bircə onu deyə bilərəm ki, əsas müsbət dəyişiklik Fuad Nəcəflinin yerinə gətirilən Cəlilov ən azından qatışıq deyil.
Bizə hələlik uğurlar arzulamaq düşər. Gözləyək və ümid edək ki, tutduğu vəzifəni layiqincə yerinə yetirsin. Ən azından Fuadla gələn çökmənin, tənəzzülün, talançılığın qarşısını alsın... Yoxsa ki,......
Elman Abbasov - "DİA-AZ"









