Lənkəran İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran Şəhər İşıqlandırma Müəssisəsi tenderə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, iki gün öncə baş tutan tenderin qalibi “İS.M.M.” MMC olub.
Elektrik mal-materialların satın alınması ilə bağlı keçirilmiş müsabiqəyə görə, Müəssisə şirkətə 273 min 477 manat pul ödəyəcək.
Açıq mçənbələrdə qeyd edilir ki, Lənkəran Şəhər İşıqlandırma Müəssisəsi həmin pula bir sıra məhsullarla yanaşı, 12500 ədəd izolyasiya lenti, 29 min 201 ədəd lampa və 3250 metr alminium kabel alacaq.
Tribunainfo.az araşdırma zamanı müəyyən edib ki, ötən ilin noyabrında da Lənkəran Şəhər İşıqlandırma Müəssisəsi eyni məzmunlu tender keçirib. Həmin vaxt “BUTA SUPPLY” MMC ilə satınalma müqaviləsi imzalanıb. Elekrik mallarının satın alınması üçün isə 197 min 674 manat pul ödənilib.
Lakin məsələni maraqlı tərəfi odur ki, keçən il Lənkəran İcra Hakimiyyəti bu ilə nisbətən bəzi mal və məhsulları xeyli aşağı sayda alıb. Məsələn, bu il 12500 ədəd izolyasiya lenti alan sözügedən qurum, keçən il 8000 ədəd sifariş veribmiş. Və ya bu il 29 min lampa sifariş edən qurum, ötən il 24 100 ədəd lampaya ehtiyacı olduğunu qeyd edib.
Qəribədir, bir ilin içində Lənkəranda nə dəyişib ki, birdən birə 4500 ədəd çox izolyasiya lenti, 5100 ədəd əlavə lampa alınıb?














