Vallah, mən Putinsevər deyiləm. Amma üzr istəməyin buynuzu olmur ki. Adam artıq ikinci dəfədir, Azərbaycandan üzr istəyir. Kim gözləyirsə ki, Putin çıxıb dünya qarşısında “səhv etmişəm əb-əcdadımla, başımı daşa-divara döymüşəm, bir də bu qələti etməyəcəyəm” deyəcək, bu olmayacaq. İstənilən ölkə başçısından bunu gözləmək absurddur.
Putinin İlham Əliyevlə görüşündə dilə gətirdiyi üzrxahlığından belə anladım ki, bir müddətdən sonra bir neçə çeçen rəsmisini də qulaqlayıb “bütün baş verənlərin günahkarı bu idi” də deyəcək. Amma hələlik buna gücü çatmır. Çünki Ukrayna ilə ağır döyüşlər gedir və onun çeçen qatillərinə ehtiyacı var. İndidən onların xətrinə dəyib adam itirmək istəmir.
Bunları deyərkən, onu nəzərdə tutmuram ki, Putin Azərbaycanın çatma qaşına, qara gözünə aşiqdır. Rusiya prezidentinin, müharibədə göstərdikləri vəhşi “qəhrəmanlıqlarına” arxayın düşüb harınlaşan çeçen qatillərindən, başa Ramzan Kadırov olmaqla, qurtulmaq ehtiyacı yaranacağına inanıram. Məhz bu səbəbdən də özünü getdikcə müstəqil aparmağa çalışan çeçen rəsmilərini cəzalandırmaq yolunu tutacaq. Bu vəziyyətdə ən yaxşı bəhanə isə Rusiyanın “strateji müttəfiqi” Azərbaycanla “dostanə əlaqələri korlamaq” ola bilər.
Yəni, darıxmayın, Putinin zərrə qədər ağlı olsa, Azərbaycanın bu legitim tələblərini məmnuniyyətlə yerinə yetirəcək. Onun İlham Əliyevlə görüşdə səsləndirdiyi “bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq” sözlər də əslində bundan xəbər verir və sanki Azərbaycan prezidentindən möhlət istəyirdi.
Putinin məlum görüşdə səsləndirdiyi bir başqa fikir də diqqətəşayandır: “Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək”. Rusiya prezidenti bu sözlərlə təyyarə insidentindən sonra Azərbaycanla münasibətlərin arzu olunan səviyyədə olmadığını rəsmən etiraf edir və onu yenidən bərpa etmək arzusunu dilə gətirir. Təbii ki, Putin bu istəyində səmimidirsə, özünün bir çox əhəmiyyətini itirmiş tərəfdaşlarını qurban verməlidir. Yenə də bütün oxlar eyni günah keçisini – Ramzan Kadırovu göstərir.
Ümid edirəm ki, istilaçılara öz ayı xidmətilə təkcə ukraynalıların yox, çeçen xalqının da canını acıdan Ramzan Kadırovun yaxın zamanlarda qurban kəsilməsi mərasiminin şahidi olacağıq.
Heydər Oğuz - "DİA-AZ"