“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Düşənbədə keçirilən görüşünə diqqətlə baxdım. İlkin təəssüratım budur ki, görüş Azərbaycanın maraqları baxımından faydalı keçdi. Görüş zamanı Vladimir Putin dedi ki, AZAL-ın mülki təyyarəsi Rusiya səmasında vurulub, bu cinayətdir və bunu törədənlər cəzalandırılacaq. Eyni zamanda etiraf etdi ki, kompensasiya ödənməlidir. Bunlar açıq etiraflardır və Putin tərəfindən edildi”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev əlavə edib ki, Putinin xarakteri geri çəkilməyi, güzəştə getməyi sevmir: “Azərbaycanla bağlı məsələdə onun güzəştə getməsi, etiraf etməsi prezident İlham Əliyevin peşəkar siyasətçi kimi uzaqgörənliyindən, Azərbaycan xarici siysətinin uğurundan xəbər verir”.
Professor vurğulayıb ki, görüşdə digər maraqlı nüans V. Putinin İ. Əliyevlə ehtiyatla davranması idi: “Görüşdə Əliyevin bədən dili, oturuşu, əllərinin hərəkəti “Azərbaycan müstəqil davranır”,- mesajını verirdi. Görüş Azərbycan maraqlarına uyğun və kifayət qədər uğurludur. Qənaətimcə, görüşdən sonra Rusiyada Azərbaycana qarşı münasibətdə müəyyən dəyişikliklər olacaq. Ancaq yenə ehtiyatlı davranmalıyıq”.
C. Nuriyev sonda qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr istəklərini çata bilməyəcəklər.