Azərbaycanda evlənənlərin sayında kəskin azalma müşahidə olunur.
Bunu ətrafımızdakı insanlardan da görürük. Əvvəllər daha çox toy dəvətnamələri alırdıqsa, artıq bu hal bir neçə ay fasilə ilə yaşanır. Çünki gənclər evlənməyə maraq göstərmirlər.
Əlbəttə ki, bunun bir çox səbəbi var. Lakin biz bu gün səbəblərdən yox, nəticələrdən danışacağıq. Daha doğrusu, konkret rəqəmlərə baxacağıq.
“Cebheinfo.az” Azərbaycanda son 5 ilin evlilik statistikalarını araşdırıb.
2020-ci ildə ölkəmizdə 35 min 348 evlilik qeydə alınıb. Pandemiya dövrü olduğu üçün həmin ildə sayın az olması normal qarşılanır. Məhz cəmi 1 il sonra ciddi artım yaşanması da bunu deməyə əsas verir. Belə ki, 2021-ci ildə 56 min 314 nəfər nigaha daxil olub. Artım tendensiyası 2022-ci ildə də davam edib. Həmin ildə isə 61 min 939 şəxs ailə həyatı qurub.
Bu, son 5 ilin ən yüksək göstəricisi kimi tarixə düşüb. 2023-cü ildən etibarən isə Azərbaycanda evlilik sayında ciddi azalmalar yaşanmağa başlayıb. Konkret olaraq, 2023-cü ildə evlənənlərin sayı 54 min 200 nəfər olub.
Bu da bir il əvvəllə müqayisədə 7 min 739 azalma deməkdir. Bu göstəricidə azalma ötən il də davam edib. 2024-cü ildə ölkəmizdə rəsmi nikaha daxil olanların sayı 49 min 508 nəfərə qədər geriləyib. Bu isə 2023-cü illə müqayisədə 4 min 692 nəfər azalma deməkdir.