Azərbaycan Dövlət Pedaqoji Universiteti avtomobillərin satın alınması məqsədi ilə “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd olunur ki, Pedaqoji Universitet “Auto Azərbaycan” MMC-yə 140 min manat ödəniş edəcək. Lakin satın alacağı avtomobillərin sayı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
“Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.