Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginlik ab-havası hələ də özünü göstərməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiya və Azərbaycan liderlərinin ikitərəfli görüşməməsi bunun əyani təzahürüdür. Analitiklərin fikrincə, görüşə hazır olmayan tərəf Rusiyadır. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında münasibətlərdən ilk dəfə danışıb.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib.
Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında siyasi münasibətlər təyyarə qəzasından əvvəlki kimi olmayacaq:
“Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda görüşüb. Azərbyacan tərəfindən hər hasnı bir şərh görməmişəm, lakin Rusiya tərəfi- Aleksey Overçuk iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığın tam şəkildə davam etdiyini söyləyib. O cümlədən Rusiya Prezidenti də bu məsələyə toxunub. O ötən gün keçirdiyi mətbuat konfransında fundamental əlaqələr ifadəsini işlədib. Burada söhbət çox güman ki, iqtisadiyyat, nəqliyyat sahəsindəki əməkdaşlıqdan getdiyini düşünürəm. Siyasi əlaqələr isə təyyarə qəzası ilə bağlı məsələylə əlaqədardır. Yəqin ki, Rusiya tərəfi həbs olunan vətəndaşlarının Azərbaycanın təhvil verməsi məsələsini qaldırır. Digər yandan Azərbaycan da təyyarə qəzası ilə bağlı öz iradlarını bildirib, tələblərini dilə gətirir. Bunlar danışıqların mövzusudur. Münasibətlərdə yəqin ki, təyyarə qəzasından əvvəlki dövrə qayıtmayacağıq. Buna baxmayaraq, danışıqlar yolu ilə məsələlərdə irəliləyişlər ola bilər”.
Rusiyadan növbəti təhdidlərin gəlib-gəlməyəcəyi ilə bağlı suala isə sabiq nazir belə cavab verib:
“Mən belə başa düşürəm ki, Zatulin və Solovyevin dediklərini ciddi qəbul etmək lazım deyil. Prezident Putinin, onun sözçüsü Dmitri Peskovun və ya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediklərini diqqətə alıb, təhlil etmək lazımdır. Ona görə də bu istiqamətdə rəsmi olaraq sözçülər nə deyirlərsə, belə başa düşürəm ki, onlar da danışıqların mövzusudur. Çünki Aleksey Overçuk belə bir ifadə işlədib ki, Bakı və Moskva münasibətlərin normallaşmasında maraqlıdır və addımlar atılır, eləcə də gündəlik Azərbaycan tərəfi ilə təmasdadırlar. Yəni bu danışıqların mövzusudur”.