Şəki rayonu ərazisindən keçən Şinçay çayında sahilbərkitmə işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
Bildirilib ki, artıq Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə başlayıb. Qeyd edilib ki, Şinçay çayında sahilbərkitmə işləri sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçiriləcək.
Qurum sahilbərkitmə işləri ilə bağlı "Aztikintiservis" şirkəti ilə 2,9 milyon manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. 1920-ci ilə qədər Şinçay Baş Layısqı kəndinin sahilindən axıb. 1920-ci ildə güclü sel nəticəsində çay öz məcrasını dəyişərək Baş Göynük kəndinin sahilindən axmağa başlayıb. Bu güclü seldən sonra kəndin sahilində yerləşən Ağalar kəndi tamamilə silinib. Tez-tez çay öz məcrasından çıxdığına görə və bu zaman Baş Göynük kəndinin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyinə görə Şinçay üzərində körpü inşa edilib. Uzunluğu 169 metr, qabariti 4.5 metr, 40-50 ton yükə hesablanmış bu körpünün inşası 2005-ci ildə tamamlanıb. Eləcə də 2010-cu ilin sonunda isə Şinçayın Şəki rayonunun Zunud kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsü (1300 m) inşa olunub.