Ağ Şəhərdə yeni tikilən binalarda yaşayan sakinlər qanunsuz parkinq haqqından şikayətçidirlər.
Onların Musavat.com-a verdiyi məlumata görə, çıxarış (“kupça”) ala bilmədikləri üçün binanın ətrafında avtomobillərini ödənişsiz saxlamaq imkanından məhrumdurlar və “AzParking” MMC-yə hər saat üçün 70 qəpik ödəməyə məcbur olurlar.
Sakinlərin sözlərinə görə, binalar təhvil verilsə də, çıxarış sənədləri bir ildən çoxdur ki, təqdim edilmir:
“Bizə deyildi ki, sənədlər yay aylarında veriləcək. Amma hələ də heç kimə “kupça” təqdim olunmayıb. “AzParking” isə bütün binaların ətrafında pullu parklanma yerləri təşkil edib. Çıxarışımız olmadığına görə pulsuz parkinq haqqından yararlana bilmirik. Halbuki evləri müqavilə ilə almışıq, kommunal ödənişlərimizi də sayğacla edirik”.
Məlumata görə, “Qarabağ atları” küçəsində yerləşən bir neçə binada da eyni problem yaşanır. Burada yaşayan sakinlərin də çıxarışı yoxdur, amma onlar da eyni ödənişi etmək məcburiyyətindədir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a açıqlamasında bildirib ki, qanunvericilikdə çıxarış sənədi olmayan sakinlərin pulsuz parkinq hüququ yoxdur:
“Əgər sakinlərin qeydiyyatı varsa, AYNA-ya müraciət edib fərdi parkinq talonu ala bilərlər. Amma bunun üçün çıxarış və şəxsiyyət vəsiqəsi məlumatları təqdim edilməlidir. Sənəd yoxdursa, qanuni əsas da yoxdur. Dövlət proseduru tələb edir ki, bina tam təhvil verildikdən sonra çıxarış təqdim olunsun. Əks halda bu imtiyazdan yararlanmaq mümkün deyil”.
Ekspert qeyd edib ki, binanı inşa edən şirkət sənədlərin vaxtında verilməsi üçün məsuliyyət daşıyır:
“Tikinti şirkəti təhvil-təslim prosesini başa çatdırmalı, Fövqəladə Hallar Nazirliyinin tələbləri də daxil olmaqla bütün şərtlərə əməl etməlidir. Çıxarış təqdim olunmadan məsələ həll edilə bilməz”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Musavat.com-a verilən açıqlamada isə bildirilib ki, parklanma yerlərinin idarə edilməsi qanunsuz pul yığımının qarşısını almağa və maliyyə şəffaflığını təmin etməyə yönəlib:
“Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
Sakinlər isə çıxarışların verilməməsi səbəbindən bu hüquqdan istifadə edə bilmədiklərini bildirir və problemin tezliklə həllini tələb edirlər.