Rusiya Dumasının 4 dəfə ardıcıl deputatı olmuş Oleq Şein bu mövzuda maraqlı paylaşım edib. Rusiyalı siyasətçi öz “Telegram” kanalında yazıb ki, “Bakı ilə Moskva arasında münaqişə yumşaq fazaya daxil olur”.
Şein qeyd edir ki, Azərbaycana qarşı hərbi müdaxilə heç də “pasifizm”ə görə deyil, obyektiv səbəblərə görə istisna edilir. O hesab edir ki, bir tərəfdən Kremlin diqqəti Ukraynadakı müharibəyə yönəlib, digər yandan, Azərbaycana qarşı hər hansı hərbi addım atılsa, Türkiyə açıq-aydın kənarda dayanmayacaq.
Şeinə görə, Rusiyanın Azərbaycana qarşı iqtisadi təzyiq rıçaqları da son dərəcə məhduddur: “Azərbaycana birbaşa xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Rusiyaya ixrac Azərbaycanın xarici dövriyyəsinin cəmi 3,5%-ni təşkil edir. Azərbaycan Rusiyaya 1,2 milyard dollarlıq mal satır, Rusiyadan isə 3,6 milyard dollarlıq mal alır - ticarət müharibəsi Rusiya müəssisələrinə üç dəfə daha çox zərbə vuracaq”. Göründüyü kimi, təcrübəli və məntiqlə düşünməyi bacaran siyasətçilər Kremlin səhv yolda olduğunu anlayır və qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə dayanan münasibətlərin qurulmasının zəruriliyini qeyd edirlər.
Tanınmış rusiyalı jurnalist Oleq Kaşin “Minval Politika”ya müsahibəsində deyib ki, Putin Azərbaycanla rəis kimi danışmağa çalışdı, amma o, rəis deyil: “Aydındır ki, bu, Putinin illüziyasıdır və Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi onun bunu necə dəf etməsindən, nə qədər ağrılı olacağından asılıdır”.
Bu arada isə TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması gərginliyi yenidən artırıb.
Rəsmi Bakı Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılmasını ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirib: “Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə ”Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur".
Bu etirazdan sonra TASS Xankəndidə rusiyalı marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yazının sərlövhəsində dəyişiklik edib.
Agentlik bu dəfə də “Stepanakert” sözünü “Xankəndi” yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzləyib. Xatırladaq ki, artıq Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı yer yoxdur.
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, bu, hazırda Rusiya və Azərbaycan arasındakı gərginliyin əsas səbəbkarı Kremlin keçmiş SSRİ respublikalarına imperialist siyasətinin dəyişməməsinin nəticəsidir: “Ukrayna ilə savaş fonunda Rusiya ikinci cəbhə açmaq fikrindən uzaqdır. Bu, Kremlin açıq siyasi intiharı deməkdir. Ona görə də Moskva Bakı ilə açıq konfliktdən çəkinir. Amma Ukrayna savaşı olmasaydı, hər hansı eskalasiya haqqında düşünmək olardı. Üstəlik, Kremldə başa düşürlər ki, Azərbaycan Rusiya üçün nə Ukraynadır, nə də Moldova və Gürcüstan. Çünki Azərbaycanın adı çəkilən ölkələrdən fərqli olaraq etibarlı strateji müttəfiqləri var. Söhbət NATO ölkəsi Türkiyədən, nüvə dövləti Pakistandan və Yaxın Şərq məsələsində Rusiyadan incik düşmüş İsraildən gedir. Ən azından Moskva Ankara və İslamabad faktorunu ciddiyə alır. Üstəlik, Britaniya və Çin də bu məsələyə səssiz qalmayacaq. Çünki ortada “Bir kəmər - bir yol” kimi böyük layihə var. Bu o deməkdir ki, Bakıya Moskva tərəfindən hər hansı müdaxilə hətta III Dünya savaşına səbəb ola bilər. Azərbaycanı itirmək isə bütün Qafqazı itirmək anlamına gəlir. İndiki məqamda Rusiya buna getməyəcək. Çünki nüvə dövləti olsa da, rus dövlətçiliyini risk altında qoymaq istəmir. Üstəlik, Rusiyadakı azsaylı xalqlar da artıq milli azadlıq hərəkatının siqnallarını işə salır. Bütün bunlar Rusiyanı geri çəkilməyə təhrik edir”.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı Rusiyadakı azərbaycanlıların deportasiya edilməmələri ilə bağlı çox maraqlı bir düşüncədədir: “Partiyamızın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər ikitərəfli, qarşılıqlı və normal istiqamətdə inkişaf etdirilsin. Azərbaycan Rusiya üçün xüsusi əhəmiyyətli ölkədir. Elə düşünürdülər ki, Rusiyada yaşayan azərbaycanlılar kütləvi şəkildə deportasiya olunacaq. Ancaq bu baş vermədi. Rusiyada başa düşürlər ki, geri qayıdan azərbaycanlılar hökumətdən Rusiya ilə bütün əlaqələri kəsməyi tələb edəcək. Ermənistandan azərbaycanlıların qovulması nümunəsi göz önündədir. Həm də Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. Biz inanırıq ki, Rusiya prezidenti Vladimir Putin özündə güc tapan kimi Azərbaycanla münasibətləri pozmaq istəyən ətrafındakı müəyyən şəxsləri hakimiyyətdən uzaqlaşdıracaq və münasibətlər bərpa olunacaq. Bunun baş verməsi ən çox Putinə lazımdır. Bu səbəbdən də Rusiya ilə də yaxın gələcəkdə münasibətlərin tənzimlənəcəyini gözləyirik. Dediklərimi artıq Rusiya Dumasının deputatı Oleq Şein etiraf edir. Bakı ilə Moskva arasında münasibətləri pozmaq Rusiya üçün ancaq ziyan gətirə bilər.
Əlbəttə, Azərbaycana qarşı hər hansı bir hərbi addımın atılması, Türkiyənin, Pakistanın da kənarda qalmaması deməkdir. Açıq şəkildə Azərbaycana dəstək verəcəklər. Bizim hər iki qardaş, dost ölkələrlə hərbi müttəffiqliyə dair sənəd imzalamışıq. Rusiya Azərbaycanın ona olan münasibətini unutmamalıdır. Qərbin ən ağır sankisiyalarına qoşulmayan Azərbaycan və Türkiyə Rusiya üçün “oksigen balonu” olub. Tam haqlısınız ki, Azərbaycan Rusiya ilə il ərzində bir neçə milyard dollarlıq mal alır, ticari və iqtisadi əlaqələri mövcuddur. Bundan imtina Rusiyaya nə verə bilər ki?! Siz bura qardaş Türkiyə ilə Rusiya arasındakı illik dövrüyəni də əlavə edin. Azərbaycanla Rusiyanın əlaqələrinin pozulması Rusiyaya böyük itkilərə gətirib çıxarda bilər. Bütün bunları Rusiya çox yaxşı bilir. Bir məsələni də xüsusi olaraq nəzərinizə çatdırım ki, Rusiyanın ən yuxarı səviyyədə hakikiyyətdə təmsil olunan qüvvələr var ki, bütün gücü ilə çalışıb ona nail olmaq istəyir ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər daha da kəskin istiqamət alsın. Bu qüvvələr güclü erməni diaaporasına yaxın şəxslərdir. Ona görə açıqlamamın əvvəlində dedim ki, Putin bu qüvvələri ətrafından qovmalıdır".
“Yeni Müsavat”