İllərdi hər birimizin tanış olduğu mənzərədir. Ancaq hələ də bu özbaşınalıq hökm sürür. Yol kənarında satılan meyvə-tərəvəz, yolüstü mağazalarda satılan paketlənmiş qidalar, içkilər, sular "od qiymətinə", üstəlik və ən pisi də odur ki, keyfiyyətsizdir.
Müşahidə edirəm - heç bir məhsulun üzərində qiymətlər yoxdur. Barkod nömrəsinə baxanda bilirsən ki, o ölkədə məsələn, bu biskvitin maliyyəti heç bəlkə də 40 qəpik deyil, amma Kürdəmirdəki yolüstü "budka"da bunu 1 manata satırlar. Yarım litrlik adi içməli su 1,5 manatdır. Bananın 1 dənəsi 1 manatdır. "Niyə belə bahadır qiymətlər? Heç olmasa keyfiyyətli məhsul satın" deyəndə də susurlar. İnsanlar məcbur qalıb alırlar. Çünki alternativləri yoxdur. Uzun yol gedən adam ya ac-susuz qalmalıdır, ya da məcbur almalıdır. Bu da satıcı üçün fürsətdir. Çox vaxt körpə uşaqlı adamlar əvvəlcədən özləri üçün ehtiyat nələrsə götürürlər...
Bahalığın digər səbəbi rəqabətsizlikdir. Yolüstü ərazilərdə satıcılar bir-biri ilə real rəqabətdə olmurlar. Arxayındır ki, alıcı mütləq nəsə alacaq. Nəticədə qiymətləri süni şəkildə artırırlar. Burdakı məhsullar şəhərdəki mağazalarla müqayisədə 30-50% bahadır.
Maraqlıdır ki, yol üzərindəki obyektlər qanuni fəaliyyət göstərir? Kim icazə verir bütün bunlara? Kim nəzarət etməlidir? Yolüstü satılan ərzaqlar insanlara əlçatanlığı mənasında yaxşıdır, ancaq qiymətlərin əsassız şəkildə şişirdilməsi yolverilməzdir. Bu, istehlakçının hüququnu açıq-aşkar pozmaqdır.
Günel Həsənova, Bizimyol,info










